Yol mədəniyyət, həyat, iqtisadiyyatdır. Yolların abad, səliqəli, rahat, geniş olması təkcə nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb etmir, həmçinin ölkənin qüdrətindən, iqtisadi gücündən xəbər verir. Culfa rayonunda da yol-nəqliyyat infrastrukturu yenilənib, beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu il Culfa-Boyəhməd, Culfa-Şurud, Culfa-Gülüstan və Naxçıvan-Ordubad magistral yolunun rayona aid hissəsinin saz vəziyyətdə olması diqqətdə saxlanılıb.
May ayının əvvəlindən başlanan Culfa şəhər Elşad Nağıyev, Mikayıl Müşfiq və Cəlil Məmmədquluzadə küçələrinin daxili avtomobil yolları və piyada keçidlərində aparılan yenidənqurma işləri isə hazırda davam etdirilir. Belə ki, yol kənarı boyunca kilid daşlar salınıb, rabitə və elektrik xətləri yenilənib, yolların asfaltlanması işi başa çatıb. Şəhərdaxili yollarda görülən abadlıq işləri tezliklə yekunlaşacaqdır.
Qeyd edək ki, ötən ayda rayon üzrə yollara 94 ton asfalt salınıb, 122 ton bitum səpilib. Darıdağ Arsenli Su Müalicəxanasına gedən avtomobil yolu ətrafında 110 diametrdə, 20 atmosfer gücündə 1660 metr uzunluğunda su xətti, əlavə olaraq yolun kənar hissəsində 100 metr uzunluğunda suötürücü kanal xətti çəkilib. Hazırda həmin ərazidə son tamamlama işləri görülür.
“Arazın səsi” qəzeti