Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib

A- A A+

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.

Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, işlərə baxılması zamanı “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub. Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında “Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması ilə əlaqədar göstərişlər verilib.

Qeyd edək ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri Dövlət Xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb olub.

Məlumat üçün bildirək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və sair kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 milliqram/100 millilitrdən çox olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kompleks tədbirləri davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: