Muxtar respublikada əcnəbilərin əmək fəaliyyəti təmin edilir - FOTOLAR

A- A A+

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “ Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki , tədbirdə  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirinin müavini Anar Əhmədov  və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov bildiriblər ki, bu gün  muxtar respublikamızda müasir müəssisələrin, yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlərin həyata keçirilməsi, eləcə də investisiya fəallığının güclənməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması sahibkarlığın inkişafına böyük təsir göstərir.

Dövlət Miqrasiya Xidmətinin inspektoru Həmid Muxtarlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, əcnəbilərin muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması mütəmadi olaraq diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilib.      

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Xudakərim Məmmədov muxtar respublikada məşğulluğun artırılmasında sahibkarlığın rolu barədə geniş məlumat verib.

Əmək miqrasiyası sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət mövzusuna toxunan Xidmətin baş inspektoru Tural Bayramov bildirib ki, muxtar respublikada iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi Xidmət tərəfindən uğurla icra olunmaqdadır.

Sahibkarlardan Akif Mahmudov yaradılan hərtərəfli şəraitdən və göstərilən davamlı dövlət dəstəyindən danışaraq müəssisələrində əmək fəaliyyətilə məşğul olan əcnəbilərin sənədləşmə prosesi və miqrasiya sahəsində yarana biləcək istənilən çətinlik qarşısında göstərdikləri köməyə görə sahibkarlar adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonra əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması, həmçinin əmək miqrasiyası kvotası ilə bağlı məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb və Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: