Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, avqust ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi ilə bağlı tapşırıq verilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına uyğunluq sertifikatı əsasında icazə verilir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Gömrük orqanları tərəfindən standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndiriləcəkdir.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təminat, su və kanalizasiya xətlərinin vəziyyəti, yanğın təhlükəsizliyi, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəstiylə təchizatı məsələləri ilə bağlı işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. Elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə olunmalı, istilik sistemlərinin fəaliyyəti hava şəraitinə uyğun tənzimlənməli, israfçılığa yol verilməməlidir.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub. Gömrük idarələrində cari təmir-bərpa və təchizat işlərinin vaxtaşırı olaraq həyata keçirildiyi, payız-qış mövsümündə çatışmazlıqların yaşanmaması üçün müvafiq işlərin görüləcəyi qeyd olunub.
Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatdırılması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.