Muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilər təlimə cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri və praktiki izahı mövzusunda iki günlük təlim keçirilib.
Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və digər qarışıq təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində çalışan 14 nəfər işçi cəlb olunub.
Təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
Təlimdə “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri əsasları modulu ətrafında kapital və gəlirlərlə bağlı məsrəflər, kapital və əməliyyat gəlirləri, kapital və gəlirlə bağlı maddələr arasındakı fərqlər, amortizasiyanın hesablanması metodları, 17 №-li Beynəlxalq Mühasibat Uçotu Standartının mahiyyəti, onun tətbiq sahəsi, aktivlərin ilkin qiymətləndirməsi, mübadiləsi, aktivin reyestri qaydaları praktik olaraq izah edilib və iştirakçıların sualları cavablandırılıb.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.