Naxçıvanda taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır
Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem ehtiyatının əldə edilməsində mühüm rol oynayır. Bu baxımdan taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub.
Muxtar respublikada taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər nəzarətdə saxlanılıb. Yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il əvvəlki illə müqayisədə daha çox taxıl məhsulu əldə olunur.
Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2021-ci ilin məhsulu üçün 32 min 721 hektar sahədə taxıl əkilib. Taxıl zəmilərinin 20 min 930 hektarında buğda, 11 min 791 hektarında isə arpa əkilib.
Aqrar sektorda həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir, bu isə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Strateji əhəmiyyətli məhsulun tədarük olunub keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzindədir. Muxtar rеspublikada fəaliyyət göstərən taxıl еmalı müəssisələrinə tədarük başlayandan 10 sentyabr 2021-ci il tarixədək 382 ton taxıl tədarük edilib. Qeyd edək ki, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tаxıl аnbаrında yerli tədarükdən əlavə 8632,4 ton taxıl ehtiyatı mövcuddur.
Un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və cari ilin ötən dövrü ərzində 44 halda çörək, 335 halda yuxa, 143 halda unlu qənnadı məhsulları, 67 halda un, 12 halda buğda, 17 halda kəpək nümunəsi götürülərək labоratоriya müayinələrindən keçirilib. Bu cür məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə tələbatı ödənilir.
Məhsulun vaxtında toplanılması və münasib qiymətə satılması da diqqət mərkəzində saxlanılır. 2022-ci il üçün muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarından İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” MMC və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının satın alma qiymətləri bəlli olub. Belə ki, anbarlara qəbul olunan 1 kiloqram arpa 40 qəpikdən, dən üçün qarğıdalı 35 qəpikdən, yağ üçün qarğıdalı 42 qəpikdən, buğda 50 qəpikdən təhvil götürüləcək və dəyəri də yerində ödəniləcək.
Qeyd edək ki, əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi Ali Məclisin Sədri tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də taxılçılığın inkişafı istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti