Muxtar respublikada bu il ilin ötən dövrü ərzində nağdsız ödənişlərin həcmi 75 milyon 867 min manata çatdırılıb
01 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1481 ədəd təşkil edib. 2021-ci ilin 8 ayı ərzində muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 75 milyon 867 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 571 manat artıqdır.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, bu barədə Babək rayonunun Kərimbəyli və Şahbuz rayonunun Keçili kəndlərində sakinlərin və sahibkarların iştirakı ilə rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda keçirilən tədbirdə danışılıb. Tədbirdə vurğulanıb ki, nağdsız ödəniş pul əskinaslarından istifadə etmədən ödəniş kartları, mobil telefonlar, kompüter və digər avadanlıqlar vasitəsilə pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi deməkdir. Nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminalların tətbiqi vətəndaşlara xidmət göstərilən ticarət, iaşə və digər sahələrində quraşdırılıb ki, hər bir vətəndaş ödənişlərini nağdsız qaydada rahat həyata keçirsin.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.