“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 16 sentyabr tarixli Qərarın qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir. Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək.