Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, rəqabətə davamlılığı, ixrac potensialının artırılması yerli və keyfiyyətli məhsulların istehsalından birbaşa asılıdır.
Görülən işlər sayəsində hazırda muxtar respublikamızda müxtəlif ərzaq sahələri üzrə istehsal həcmi əhəmiyyətli dərəcədə genişlənib. Qida rasionunda və əhalinin ərzaq səbətində mühüm paya malik quşçuluq məhsulları sahəsində muxtar respublikamızda olduqca mühüm işlər görülür və bu sferada dövlət dəstəyi sayəsində vəziyyətin arzuolunan həddə çatdırılması üçün konkret addımlar atılır. Bunun nəticəsidir ki, artıq muxtar respublikada quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir.
Ümumiyyətlə, muxtar respublikada quşçuluq sahəsinin inkişaf etdirilməsi, əhalinin keyfiyyətli quş əti, yumurta və digər quşçuluq məhsulları ilə təmin edilməsi qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Quşçuluğun inkişafı məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2000-ci ildən bu günə qədər sahibkarlıq subyektlərinə 7.698.500 manat kredit verilib. Görülmüş tədbirlərin nəticəsi olaraq son illərdə istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 89-a çatıb.
Son illərdə Naxçıvan Muxtar Respublikasında yaradılmış istehsal müəssisələri arasında “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti də vardır. Çoxprofilli müəssisə kimi fəaliyyət göstərən bu cəmiyyətin yaradılmasında məqsəd, ilk olaraq, ərzaq məhsullarının istehsalının təşkil olunmasıdır. Belə ki, 2011-ci ildə Naxçıvan şəhərində istifadəyə verilmiş bu müəssisədə alma sirkəsi, kartof cipsi, quş əti, unlu-qənnadı məmulatları istehsalı sahələri ilə yanaşı, inkubatar istehsalı sahəsi də yaradılıb. Bu sahənin yaradılması ailə təsərrüfatlarının daha keyfiyyətli ətlik və yumurtalıq cücəyə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Qeyd edək ki, quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət edilir.
Müəssisə tərəfindən quşların kəsimi və paketlənməsi üçün də əlverişli şərait yaradılıb. Kırna kəndində fəaliyyət göstərən müəssisənin kəsim sahəsində toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Müəssisənin gündəlik istehsal gücü 4000 baş ətlik toyuqdur. Müəssisədə veterinar-sanitar və texnoloji tələblərə ciddi riayət olunur, məhsulun keyfiyyətinə beynəlxalq nəzarət sitemlərinin tətbiqi üzrə işlər aparılır. Müəyyən mərhələlərdə təmizləmədən sonra quş əti çeşidlənərək 5 çeşiddə “Bəsləmə” əmtəə nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir.
İstehsal sahəsində Türkiyə Respublikasından alınmış avadanlıqlar quraşdırılıb. Müəssisə muxtar respublikamızda özəl sektora göstərilən dövlət qayğısından bəhrələnib və onun yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit verilib.
Şübhəsiz, muxtar respublikamızın sənaye potensialının artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mövcud müəssisələrin rentabelli fəaliyyəti vacib şərtlərdəndir. “Araz-3” MMC mövcud resurslardan və əmək ehtiyatlarından səmərəli istifadə etməklə muxtar respublika əhalisinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsini diqqət mərkəzində saxlayır. Belə ki, Cəmiyyət yeni növdə və çeşiddə məhsul istehsalını artırmaq məqsədilə Şərur Sənaye Məhəlləsində tələbatı idxal hesabına ödənilən bitki yağı istehsalı sahəsinin yaradılmasına başlayıb, bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Bütün bunlar göstərir ki, muxtar respublikada istehsal sahələrinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulan konkret tapşırıqlar yerli istehsala verilən önəmlə bərabər, ərzaq təhlükəsizliyinin də təminatının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti