“Büdcə təşkilatlarında uçot və hesabat” adlı təkmilləşdirici təlim keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm-Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili şöbəsinin müdiri Gülşən Orucova tərəfindən 3 günlük müddətində aparılıb. Təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük və Statistika komitələri, Səhiyyə və Mədəniyyət nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş mühasibləri daxil olmaqla büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.
Dörd moduldan ibarət olan təlimdə peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları, büdcə təşkilatlarında baş verən müxtəlif əməliyyatların memorial order forması əsasında sintetik uçotunun aparılması, əsas fondların və qeyri-maddi aktivlərin amortizasiyasının uçotu, təmir məsrəfləri, aktiv və öhdəliklərin inventarizasiyasının mühasibat uçotunda əks etdirilməsi qaydalarından bəhs olunub.
Həmçinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının tərtib və təqdim edilməsi həm nəzəri, həm də praktiki olaraq təlim iştirakçılarına izah edilib.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra, dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Hafizə Əliyeva