Naxçıvan Budapeştdə keçirilən biznes forumunda təmsil olunub - FOTOLAR

A- A A+

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət Sənaye Palatası ilə Macarıstan İxracın Təşviqi Agentliyinin təşkilatçılığı ilə biznes forumu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə 120 sahibkarın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv sahibkarlar təmsil ediblər. Forum çərçivəsində nümayəndə heyəti adından Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış edib.

Vüqar Abbasov Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərimizin investisiya imkanları barədə  macar, türk, özbək, qazax, qırğız sahibkarlarına ətraflı məlumat verib.

Ölkələrimiz arasında gələcək ticarət və investisiya imkanları müzakirə edildiyi forumda, eyni zamanda kənd təsərrüfatı, qida sənayesi, su sənayesi, sağlamlıq, informasiya və kommunikasiya sektorları üzrə görüşlər keçirilib.

Qeyd edək ki, Türk Ticarət və Sənaye Palatası 2019-cu ildə yaradılıb. Qurumda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası, Qırğız Respublikası Ticarət və Sənaye Palatası, Türkiyə Palatalar və Birjalar Birliyi,  Özbəkistan Ticarət və Sənaye Palatası üzv kimi, Macarıstan Ticarət və Sənaye Palatası isə müşahidəçi qismində iştirak edir.

2020-ci ildə Azərbaycanın Türk Dövlət Əməkdaşlıq Şurasına üzv dövlətlər və Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Bu, ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 18,4 faizini təşkil edir. Ayrıca Macarıstanla Azərbaycanın ticarət dövriyyəsi ötən il 38 milyon dollar təşkil edib.

                                                                                                                         Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: