Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi ilə müntəzəm marşrut xətləri üzrə avtobuslar və Bakı metrosu şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər ki, Bakı metrosu həftə sonları adi rejimdə fəaliyyət göstərəcək. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval “Qırmızı xətt”in “28 May” - “Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq. “Bənövşəyi xətt”də isə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.
Bakı Nəqliyyat Agentliyi də öz növbəsində Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsünlər. Eyni zamanda, sürücü və işçi heyətinin təlimatlandırılması, texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.