Beynəlxlaq Müəllimlər Günü münasibətilə keçirilən “Qənaətcil büdcəm” təliminə 60-dan çox gənc cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Qənaətcil büdcəm” adlı təlim keçirilib.
60-dan çox gəncin cəlb olunduğu təlimin məqsədi gənclərin maliyyə savadlılığı üzrə biliklərini artırmaqla, maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqlarını yüksəltməkdən ibarətdir.
Maliyyə Tədris Mərkəzinin əməkdaşlarının təqdimatında keçirilən təlim zamanı büdcə və fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti, maliyyə hədəfləri, qənaət, borc, investisiya və digər mövzularla bağlı təqdimat nümayiş edilib. “Şuşa”, “Suqovuşan”, “Xarıbülbül” “Xudafərin” adlı 4 komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib və bu nəticələrə uyğun olaraq qalib komandalar müəyyən edilib.
Sonda qalib komandaya və təlim müddətində fərqlənən tələbələrə Mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.