Azərbaycanın azad edilmiş ərazilərində bu ilin sonunadək 13 avtomat hidroloji stansiya tikiləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Azərbaycanda su infrastukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib.
Onun sözlərinə görə, bu sahədə Azərbaycanın su ehtiyatlarının mühafizəsinin təmin olunması prioritet məsələdir:
"Biz Azərbaycanda su ehtiyatlarının həcminin azalmasını qeyd edirik. Su ehtiyatlarının dayanıqlığının təmin olunması üçün istifadə planı hazırlanıb. Eyni zamanda, müvafiq plan və strategiyalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib".
Nazir müavini azad edilmiş ərazilərdə zəngin su ehtiyatlarının mövcudluğunu vurğulayıb:
"Keçirilmiş monitorinq nəticəsində azad edilmiş ərazilərdə su ehtiyatlarının çirkləndirilməsi faktları aşkar edilib".
O əlavə edib ki, bu ərazilərin su ehtiyatları kənd təsərrüfatı, elektrik enerjisinin istehsalı və fərdi istehlak üçün istifadə olunur.
R.Hacıyev beynəlxalq təşkilatları Azərbaycanda su ehtiyatları sahəsində layihələrin reallaşdırılmasında iştirak etməyə çağırıb.