Maliyyə Nazirliyi: Əməkhaqları, pensiya və müavinətlərin artırılmasının dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.