2025-ci ildə Azərbaycanın xarici dövlət borcunun 3,8 milyard dollaradək azalacağı gözlənilir
Xarici dövlət borcunun bu il 9,42 milyard dollar olacağı proqnozlaşdırılır
Azərbaycanın xarici dövlət borcunun 2025-ci ildə 3,8 milyard ABŞ dollarınadək azalacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sərəncama görə, Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən olunub. Maliyyə Nazirliyi Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin edəcək və həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Prezidentinə hesabat təqdim edəcək.
Strategiyanın həyata keçirilməsi üçün - dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsi; risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsi kimi hədəflər müəyyən olunub. Qeyd olunan hədəflərin 2020-ci ildən etibarən hər 2 ildən bir yenidən qiymətləndirilməsi həyata keçiriləcək.
Sənəddə qeyd olunur ki, 2018-ci il yanvarın 1-i tarixinə Azərbaycan Respublikası dövlət borcunun ümumi məbləği 17 milyard 7,4 milyon manat təşkil edib. Məcmu dövlət borcunun 15 milyard 978,1 milyon manatı (9 milyard 398,3 milyon dollar) və ya 93,9 faizi xarici, 1 milyard 29,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub.
Xarici dövlət borcunun 3 milyard 331,4 milyon dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5 milyard 510,4 milyon dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.
Xarici dövlət borcunun 45,1 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Dəyişkən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.
Bu il yanvarın 1-i tarixinə daxili dövlət borcunun 748,3 milyon manatını və ya 72,7 faizini dövlət istiqrazları, 52,7 milyon manatını və ya 5,1 faizini Mərkəzi Bank qarşısında öhdəliklər, 228,3 milyon manatını və ya 22,2 faizini isə daxili dövlət borcu sayılan şərti öhdəliklər təşkil edib. Daxili dövlət borcu üzrə öhdəliklər tamamilə sabit faiz dərəcəsi ilə cəlb olunub.
Xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard dollar olacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır. Lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9 milyard dollardan 2025-ci ildə 3,8 milyard dollaradək azalacağı gözlənilir.
İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1 milyard 250 milyon dollar məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.
Ölkə səviyyəsində prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 23 faiz olacağı, lakin dinamikanın sonradan azalan tendensiya üzrə davam edəcəyi gözlənilir. Belə ki, növbəti illərdə xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2021-ci ildə 19,5 faiz, 2025-ci ildə isə 12 faiz olacağı proqnozlaşdırılır. Qeyd olunan vəziyyətdə, xarici dövlət borcuna xidmət xərclərinin nisbətən artmasına baxmayaraq, illər üzrə xidmətin rəvan dinamikada həyata keçirilməsi təmin olunur və büdcə xərclərinin kəskin dəyişməsinin qarşısı alınır.