Naxçıvanda keçirilən Mühasiblərin və Auditorların VII Avrasiya Forumuna 9 ölkədən 100-ə yaxın iştirakçı qatılıb - VİDEO
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda Avropanın və Asiyanın ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Forumda 9 ölkədən-Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Moldova və Çindən xarici nüməyəndələr, peşəkar mütəxəssislər və eyni zamanda yerli qurumların nümayəndələri iştirak edib.
İştirakçılar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, ümummilli liderimizin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlara məlumat verilib ki, muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən minlərlə dəyərli eksponat sərgilənir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında yaradılıb. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərən xəstəxananın yeraltı şöbəsində 2003-cü ildə ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb və genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən minlər nəfəs yolları xəstəliyindən əziyyət çəkən insan buraya gələrək müalicə alır. Mərkəzin özünəməxsus quruluşu və müalicəvi əhəmiyyəti qonaqların diqqətini cəlb edib.
16 oktyabrda Naxçıvan Biznes Mərkəzində Forumun rəsmi hissəsində 90 nəfərin iştirakı ilə konfrans keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlər həyata keçirilir. Muxtar respublika ərazisində fəaliyyət göstərən dövlət müəssisə və təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilir.
Maliyyə naziri qeyd edib ki, bu gün maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının artırılması sahəsinə diqqət yetirilir, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil edilir və digər zəruri tədbirlər həyata keçirilir. Muxtar respublikada maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və sahibkarlıq subyektlərində çalışan mühasibat işçiləri tərəfindən mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edilir, iştirakçılar müvafiq sertifikatlarla təmin edilir.
Vurğulanıb ki, keçirilən Forum ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcək.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse prezidenti, Azərbaycan Profesional Maliyyə Menecerləri Assosiyasiyasının Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə qeyd edib ki, forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtidadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın və hesabatlılığın artırılması sahəsində peşəkar müzakirələr aparmaqdır. Forumda mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etmək qarşıya qoyulan vəzifələrdəndir.
Ziyad Səmədzadə diqqətə çatdırıb ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, mühüm layihələr həyata keçirilir, iqtisadi və sosial sahələrdə dinamik inkişaf qorunub saxlanılır. Ölkəmizin 44 günlük Vətən müharibəsində qalib gəlməsinin əsas səbəblərindən biri də elə bu inkişafın nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat Şöbəsinin müdiri Naim Cahidzadə “Mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu” mövzusunda çıxış edib. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verib. Naim Cahidzadə bildirib ki, müstəqillik əldə etdiyimiz gündən bu günədək mühasibat uçotu sahəsində aparılan yeniliklər, qəbul olunan qanunlar, qərarlar və beynəlxalq standartlar əsasında mühasibat uçotunun təşkil olunması müəssisə və təşkilatların sağlam maliyyə mənbələrinin axtarılmasına, etibarlı tərəfdaşların tapılmasına, davamlı mənfəətliliyin təmin edilməsi üçün dürüst və etibarlı informasiya ilə təmin olunmasına, müasir standartlara cavab verən uçot və hesabat sistemindən istifadəyə böyük imkanlar yaradır. Ölkəmizdə mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi bütün sahələri əhatə etdiyi üçün ölkənin bütün regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə görülən işlərin sürətləndirilməsinə xüsusi diqqət yetirilir. Muxtar respublikada mühasibat uçotu sahəsində qəbul olunan qərarların icrası ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla yanaşı muxtar respublikada fəaliyyət göstərən aidiyyatı təşkilatların bu sahədə marifləndirmə tədbirləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərdən irəli gələn proseslərə mühasiblərin daha tez adaptasiyasına nail olmaq, Naxçıvan Muxtar Respulikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikatının alınması ilə bağlı imtahana hazırlığın dəstəklənməsi məqsədilə bir sıra tədbirlər və marifləndirmə işləri həyata keçirilir.
Bu gün Naxçıvanda keçirilən Mühasiblərin və Auditorların VII Avrasiya Forumu Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sahədə islahatların dərinləşməsinə yönəldilmiş təkliflərin öyrənilməsi və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması baxımından faydalı sayılır.
Forumda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat Şöbəsinin müdiri Zahid Qənbərov “Müasir çağırışlar: Vergi və maliyyə hesabatlılığı”, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti Aparatının rəhbəri Əli Şabanov “Vergi qanunvericiliyi və Maliyyə hesabatlarının beynəlxalq standartları” mövzularında çıxış ediblər.
4 paneldən ibarət olan Forumun proqramına uyğun olaraq “Mühasibat uçotu üzrə dövlət tənzimlənməsi”, “Vergi qanunvericiliyi və mühasibat uçotu”, “Beynəlxalq təcrübə”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi” və “Maliyyə Hesabatının Beynəlxalq Standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu” və digər mövzular üzrə çıxışlar dinlənilib, əsas mövzular ətrafında müzakirələr aparılaraq suallar cavablandırılıb.
Sonra Forum iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Arıçılıq məhsulları-bal satış yarmarkası”nda iştirak ediblər. Qonaqlar yarmarkaya çıxarılan arıçılıq məhsullarına maraqla baxıblar. Baldan hazırlanan tortlar, araqlar, şərbət və digər qənnadı desertlər, həmçinin memarlıq abidələrinin maketi, toxuculuq nümunələri onlarda xoş təəssürat yaradıb.
Forum iştirakçıları üçün Duzdağ otelində Qala gecəsi də təşkil olunub. Qala gecəsində Naxçıvan Televizyasının hazırladığı Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx izlənilib.
Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasındakı rəngarəng musiqi nömrələri qonaqlarda xoş təəssurat yaradıb.
Üzürlü səbəbdən forumda iştirak edə bilməyən Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Karterin təbriki videoslayt vasitəsilə çatdırılıb.
Qala gecəsində “İqtisadçı peşəsinin inkişafina verdiyi töhfəyə görə” nominasiyası üzrə tanınmış Azərbaycan alimi akademik Ziyad Səmədzadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzova mühasibat dünyasının oskarı sayılan, İCB Global tərəfindən Luka Pasolinin şərəfinə təsis edilmiş LUKA -mühasibatlıq, maliyyə və ümumilikdə iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafatı təqdim olunub. Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerlər İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinə əməkdaşlıq və dəstəyə görə sertifikat və hədiyyələr təqdim olunub.
Həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərərdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanovaya “Ən yaxşı partnyor”, Azərbaycan Profesional Maliyyə Menecerlər Asossiasiyasının İdarə heyətinin üzvü, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayevə “Ən yaxşı müəllim”, SOCAR-ın İqtisadiyyat və Uçot İdarəsinin Mühasibat Uçotunun Metodologiyası şöbəsinin rəisi Xuraman Mehdiyevaya “Ən yaxşı mühasib”, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mühasibat Uçotu və Hesabatı Departamentinin direktoru-baş mühasib Sevinc Lütfəliyevaya “Ən yaxşı maliyyə meneceri”, Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının baş mühasibi Elvin Əlmərdanova “İlin mühasibi”, “Ləzzət Qida Sənaye” MMC-nin baş mühasibi Ramazan Seyidliyə “İlin tələbəsi”, “İpək yolu sığorta” ASC-nin Maliyyə Şöbəsinin müdiri Rəna Quliyevaya “Ən yaxşı tərəfdaş”, “Azərsu” ASC-nin Maliyyə Hesabatlarının Konsulitasiyası şöbəsinin rəisi İlhamə Məmmədovaya isə “Ən fəal üzv” nominasiyaları üzrə mükafatlar təqdim olunub.
Tədbirdə xarici ölkə təmsilçilərinə Tata Beridze , Georgeta Kavaliov-Rusu , Janar Orjonova, Yücel Akdemir və Alena Xarikovaya “Fəxri qonaq” nominasiyası üzrə mükafatlar təqdim olunub. Qonaqlarda öz növbəsində Təmsil etdikləri ölkələrin milli mədəni irsini əks etdirən xatirə hədiyyələrini təqdim ediblər.
Forum iştirakçıları səfər çərçivəsində Naxçıvanın bir sıra gəzməli-görməli yerlərində olublar. Qonaqlar əvvəlcə “Xan Sarayı” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, abidə Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi quruluşda inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Qonaqlar muzeydəki məişət əşyaları - misgərlik nümunələri, aynalı otaq, döyüş bayraqları, eləcə də Naxçıvan xanlığının müdafiəsində işlədilən silahlarla tanış olublar.
Möminə Xatın türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə Türk-İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatın xalqımızın qadın adına və ülviyyətinə verdiyi yüksək dəyərin ifadəsidir.
İştirakçılar Ağbulaq İstirahət Mərkəzinə də səfər ediblər. Ağbulaq Xizək Mərkəzi ilə tanışlıq qonağın marağına səbəb olub. Məlumat verilib ki,son illər muxtar respublikada turizmin inkişafı ilə müxtəlif layihələr həyata keçirilib, standartlara uyğun otellər, əyləncə mərkəzləri tikilib, zövqə uyğun müasir istirahət zonaları yaradılıb. Ağbulaqda Xizək Mərkəzinin yaradılması Naxçıvanda qış turizminin də inkişafını təmin edib. Bildirilib ki, mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradır. Həmçinin forum iştirakçıları kanat vasitəsilə Ağbulağın füsunkar təbiətini də izləyiblər.
İştirakçıların Batabat yaylağına ekskursiyası da təşkil olunub. Batabatın əsrarəngiz təbiət gözəllikləri qonaqları heyran edib, turizm potensialı barədə dərin təəssürat yaradıb.
Səfər çərçivəsində qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də olublar. Ziyarət zamanı abidə haqqında ətraflı məlumat verib. Bildirib ki, Naxçıvanda yerləşən “Əshabi-Kəhf” mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də “Əshabi-Kəhf”in adı çəkilir. Hər gün yüzlərlə insan bu dini-turizm ocağını ziyarət edir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür.
Qeyd edək ki, “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” çərçivəsində beynəlxalq mühasib təşkilatları ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi arasında qarşılıqlı əməkdaşlığıa dair memorandum imzalanıb.
Turab Hacızadə
Mahmud Hüseynov
Xosrov İbrahimov