“Naxçıvan Duz İstehsalı” MMC məhsul istehsalını artırır

A- A A+

Muxtar respublika iqtisadiyyatı inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə nail  olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilib. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.

Belə ki, son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılır,  yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılır. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir, mütərəqqi texnologiyalar tətbiq olunur. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın çox hissəsi yerli istehsal hesabına ödənilir.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahəsidir. Bu gün duz mədəni yeni texnoloji avadanlıqlarla təmin edilibdir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm 0,5, 1 kiloqramlıq karton vəplastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.

61 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur.

2021-ci ilin iyun ayında yeni şaxtanın istifadəyə verilməsi istehsal prosesini daha da təkmilləşdiribdir.  Duzun çıxarılması üçün əvvəlcə mədəndə partlayış işləri aparılır.  Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir.

Daxili bazarı keyfiyyətli məhsullarla təmin edən  müəssisə cari ilin ötən dövrü ərzində 4240 ton daş duz və 2604 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 760 ton daş duz və 2477 ton üyüdülmüş duz satılıb. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında satışı həyata keçirilir. 2021-ci ilin doqquz ayı ərzində Bakı şəhərində və ölkəmizin digər regionlarında 2036 ton, muxtar respublikamızda isə 1201  ton duz satışı həyata keçirilibdir

Onu da qeyd edək ki,  insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində işlər davam etdirilir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edilir ki, bu da iqtisadi əlaqələrimizin genişlənməsinə əlverişli şərait yaradır. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: