Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, ixracın və investisiyaların təşviqi, yerli məhsullarımızın ixrac coğrafiyasının genişləndirilməsi, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi istiqamətində sistemli və ardıcıl işlər aparılır. Yerli məhsullarımızın daha çox tanıdılması və satışının artırılmasında xarici ölkələrdə biznes dairələrinin iştirakı ilə keçirilən müxtəlif formatlı işgüzar tədbirlər əhəmiyyətli rola malikdir.
Bu sahədə sərgilər, işgüzar görüş və müzakirələr əlverişli mexanizm hesab oluna bilər. Belə tədbirlərdə qida, kənd təsərrüfatı, tekstil, tikinti, inşaat, kimya, sənaye və sair sahələr üzrə muxtar respublikada istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın müxtəlif ölkələrində ixracatçılara tanıdılır və təşviq edilir. Belə beynəlxalq tədbirlər cari ildə də davam etdirilir. Belə ki, 20-22 oktyabr 2021-ci il tarixlərdəAzərbaycanın sərgisənayesi üçün mühüm tədbirlərdən biri 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” (“Rebuild Karabakh”) sərgisidir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisi “Bakı Ekspo” Mərkəzində keçirilib.
Sərgi regionun inkişafına töhfə verən tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq effektiv əməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə təkan verib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına daxil olan “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Tikinti Materialları İstehsalat Kompleksi” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin nümayəndələri də bəhs olunan beynəlxalq sərgidə iştirak ediblər. Sərgidə ayrılan xüsusi pavilyonda “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına daxil olan müəssisələr tərəfindən istehsal edilən müxtəlif tikinti məhsulları və broşürlər nümayiş olunub.
Digər bir əhəmiyyətli sərgi 20-23 oktyabr 2021-ci il tarixlərdə İstanbul şəhəri TÜYAP Sərgi Mərkəzində keçirilmiş “26-cı Avrasiya beynəlxalq paketləmə sənayesi sərgisi”dir.
Paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksəkkeyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil edilən sərgidə Türkiyənin yerli firmaları daxil olmaqla,Avropa,Asiya,Amerika, Yaxın Şərq,Afrika qitələrini təmsil edən qida sənayesində paketləmə sahəsində fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirilib.
Tədbirdə muxtar respublikanın iri sahibkarlıq subyektlərindən olan “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin və “Xalaoğlu” süd məhsulları istehsalı müəssisəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, cari ilin əvvəlindən Naxçıvan şirkətləri Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “Mosbuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində iştirak edərək 100-dən çox çeşiddə məhsul nümayiş etdiriblər. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə cari ilin ötən dövrü ərzində 8-i onlayn olmaqla keçirilən 21 beynəlxalq tədbirdə 46 sahibkarlıq subyektinin 62 nümayəndəsi uğurla təmsil edilib.
Muxtar respublikada işgüzar mühitin davamlı olaraq yaxşılaşdırılması, sənaye istehsalının inkişaf etdirilməsi, özəl sektorun inkişafı Naxçıvan məhsullarının xarici bazarlara çıxış potensialını daha da artırır, yuxarıda qeyd olunan mexanizmlər isə biznes üçün əlavə imkanlar yaradır.