Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.
Belə ki, muxtar respublikamızda əhalinin standartlara uyğun olan qızdırıcı elektrik və qaz cihazları ilə təmin olunmasına və bu sarıdan təhlükəsizlik tədbirlərinin görülməsinə xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu istiqamətdə aidiyyəti qurumların üzərinə konkret vəzifələr qoyulur. Avqust ayının 28-də keçirilmiş analoji müşavirədə verilmiş tapşırığa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və aidiyyəti dövlət orqanları tərəfindən standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilmir. Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər əhali rahatlığının və təhlükəsiz həyatın təmin olunmasına xidmət edir.
Müşavirədən ötən dövr ərzində gömrük orqanları tərəfindən standartlara uyğun olmayan 38 ədəd qaz pilətəsi, 3 ədəd qaz sobası saxlanılıb. Xaricdən gətirilən 2174 ədəd qaz sobası, 1479 ədəd qazla işləyən suqızdırıcı, 466 ədəd qaz pilətəsi isə standartlara uyğun olduğundan buraxılıb. Tədbirlər planına əsasən Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında 142 ticarət obyektinə baxış keçirilib, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazları aşkarlanmayıb.
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.
Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların dövlət sərhədindən buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bunula bağlı kütləvi informasiya vasitələrindən, komitənin internet resurslarından və dövlət sərhədindən buraxılış məntəqələrində quraşdırılmış elektron köşklərdən istifadə olunmaqla xarici iqtisadi fəaliyyət iştirakçıları və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan idxal edilən qızdırıcı elektrik və qaz cihazları gömrük orqanları tərəfindən saxlanılır. Gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi yoxlanılır və müsbət rəy verildikdən sonra buraxılışına icazə verilir. Fiziki şəxslər tərəfindən xaricdən gətirilən qızdırıcı elektrik və qaz cihazlarının standartlara uyğunluğuna da nəzarət olunur.
Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artırmaqla yanaşı, onlardan istifadə zamanı təhlükəsizliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələr qaçılmaz olur. Sevindirici haldır ki, həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında rahat və təhlükəsiz həyat təmin olunur.
Standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz kranı, yəni qaz requlyatoru ilə təchiz edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən gətirilən bu tip cihazların buraxılışına Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yoxlamadan keçirildikdən sonra icazə verilir. Gömrük orqanları standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalına yol verilməməsi, muxtar respublikamızda rahat və təhlükəsiz həyatın təmin olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.