Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən 4 il keçir - FOTOLAR
Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsindən 4 il keçir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və bu, ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi Azərbaycanın prioritet məsələlərindən biridir. Ölkəmizdə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi kimi layihələr artıq həyata keçirilib, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif qitələrdə yerləşən ölkələri birləşdirir.
İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat-logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq mümkün olur.
Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açır. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir.
Asiya və Avropanı birləşdirən ən qısa və etibarlı dəmir yolu
Bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimindən 4 il keçir. Bu nəqliyyat qovşağının açılışında Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan, Qazaxıstan, Gürcüstan, Özbəkistan, habelə Tacikistan və Türkmənistanın rəhbər şəxsləri iştirak ediblər.
BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət şərqdən qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimindəki çıxışında deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.
Yükdaşımaların həcmi artırılır
Bu il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. Ümumilikdə isə indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 1,3 milyon ton həcmində yük daşınıb. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.
Multimodal daşımalar təmin olunur
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Limana yaxın ərazidə azad iqtisadi zona yaradılır. Bu, limanın mühüm nəqliyyat qovşağı kimi tranzit və daşımalar üçün daha geniş imkanlarını təmin edəcək.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən liman ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Ərazisi 117 hektar olan limanda yanalma körpüsü var. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona, o cümlədən 100 min konteynerə bərabərdir. Konteyner meydançasında eyni vaxtda 1040 konteynerin yerləşdirilməsi və 64 soyuducu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.
Sərnişin daşımalarına başlanacaq
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu da turizmin inkişafına yeni nəfəs gətirəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən BTQ ilə hərəkət edəcək sərnişin qatarları alınıb. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb.
Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla 4 kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə infrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, respublikamızın ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı ölkəyə valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, turizmin inkişafına, ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olacaq.