Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xidmət və onun yerli qurumları tərəfindən oktyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 11 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. 10 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması, 1 şəxsdə isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmaması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 3 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.