Naxçıvan Muxtar Respublikasının turizm potensialı Qətərdə keçirilən sərgidə təbliğ olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 16-18 noyabr 2021-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində  “Qatar Travel Mart” sərgisi keçirilib.

İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilib.

Dünyanın 31-ə yaxın ölkəsinin və 150 şirkətin iştirak etdiyi sərgidə Azərbaycan Respublikasından Azərbaycan Turizm Bürosunun, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, eləcə də hotel və turizm agentliklərinin nümayəndələri iştirak edib.

Sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib. Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış edib. Azərbaycanın geniş turizm potensialı haqqında məlumat verən direktor, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm imkanları haqqında da iştirakçıları məlumatlandırıb.

Sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunaraq muxtar respublikanın turizm potensialı təbliğ olunub. Turizm Departamentinin direktor müavini Qafar Cəlilsoy tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə geniş məlumat verilib, “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını cəlb edib.

Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin fotoşəkilləri nümayiş etdirilib, diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan bukletlər, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları,“Naxçıvan mətbəxi” kitabı, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilib.

Duzdağ Fizioterapiya Mərkəzi sərgi iştirakçılarının daha çox diqqətini cəlb edib. Sərgidə iştirak edən müalicə şirkətləri ilə müxtəlif görüşlər keçirilib və müalicə mərkəzi haqqında onlara ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: