Rəsmi İrəvanın İlham Əliyevin qərarları ilə hesablaşdığını bildirən ermənilər bunu Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirirlər
Azərbaycanın Zəngəzur dəhlizində israrlı olması son günlərdə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Ermənistanda həm iqtidar, həm də müxalifət bir-birini ittiham edir. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru hissə-hissə Azərbaycana təhvil verəcək.
Bu fonda İrəvanda etiraz aksiyalarına başlanılıb. Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.
“Yaxın vaxtlarda Zəngəzurda bir dənə də erməni ailəsi qalmayacaq”
Aksiyaçılar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər. İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.
Ermənistanın baş naziri Nikol Paşinyan etirazlara cavab olaraq qeyd edib ki, əslində Zəngəzur əvvəlki hakimiyyət tərəfindən Azərbaycana verilib: “Bu gün deyirlər ki, Zəngəzur hissə-hissə verilir. Gəlin baxaq, görək Zəngəzurun verilməsi formulu necədir: 2018-ci ildə Zəngəzurda uşaqların yalnız 4 faizi uşaq bağçasına getmək və məktəbəqədər təhsil almaq imkanında idi. Zəngəzurun təhvil verilməsi formulu məhz budur”.
Bütün bunların Zəngəzurda yaşayışı çətinləşdirdiyini vurğulayan Paşinyan bu bölgədən insanların bir neçə ildir sistemli şəkildə köç etdiyinə diqqət çəkib. Ermənistanın ən nüfuzlu daşınmaz əmlak agentliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan da bu faktı təsdiq edib: “Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar”. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir: “Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zəngəzurda bir dənə də erməni ailəsi qalmayacaq”.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda kommunikasiya xətlərinin bərpası və yenilərinin yaradılması Azərbaycan xarici siyasətində ən prioritet məsələlərdən biri kimi gündəmdədir. Bu kontekstdə rəsmi Bakı ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən, nəqliyyat marşrutlarının bərpasına, o cümlədən də Zəngəzur dəhlizinin istifadəyə verilməsinə xüsusi diqqət yetirir.
Bölgədə kommunikasiyaların açılması 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatda da təsbit edilib. Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş dövlətlərə böyük fayda verəcək.
Qarabağ məsələsi birdəfəlik bağlanıb
Bütün bunlar nəticə etibarilə regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər. Buna konkret nümunə kimi Ermənistanın Rusiya və İranla dəmir yolu bağlantısını yarada bilmək imkanlarını göstərmək olar. Ermənistan qəbul etməlidir ki, onun təhlükəsizliyinə və iqtisadi inkişafına regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz.
Bu günlərdə isə Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, baş verənlər Azərbaycana Zəngəzur dəhlizini daha tez reallaşdırmaq imkanı yaradır: “Noyabrın 10-da imzalanan sənəddə dəhliz məntiqi var. Sənədin 9-cu bəndində deyilir ki, Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat marşrutu Rusiya sərhədçiləri tərəfindən idarə olunacaq. Yəni Ermənistan artıq öz suverenliyinin bir hissəsini verib. Ona görə də deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. Onsuz da dəhliz olacaq. Problem başqadır: bu dəhlizə kim nəzarət edəcək - Rusiya, yoxsa Azərbaycan qüvvələri?”.
O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəhliz məsələsinin güc yolu ilə həllinə cəhd ediləcəyi halda müqavimət göstərəcəyi barədə bəyanatına da toxunub: “Uşaqlar, əgər sizin rəhbərliyiniz altında olan silahlı qüvvələr müqavimət göstərmək iqtidarındadırsa, bəs nə üçün Qaragöl və Zod-Xəznəvarda sərhədimizi qoruya bilmirsiniz? Xalqı axmaq hesab edirlər. Nə qədər aldandığınızı başa düşürsünüz, əziz insanlar? Camaat, sizdən üzr istəyirəm, amma Paşinyan hökuməti sizi ulaq yerinə qoyub. Hətta qoydular, bunu həzm etdiniz və yenə də həyasızcasına qoymağa davam edirlər. Onlar sizin səbir kasanızın hara qədər doldurulacağını anlamaq istəyirlər ki, çıxıb onu və onun dəstəsini devirib, rədd edəsiniz”.
Erməni siyasi icmalçı Qalust Qriqoryan isə bildirir: “Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur. Keçək Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: “Ermənistan demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”. Bu o deməkdir ki, Qarabağ məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf etməyə başlaycaq ki, Zəngəzur da, Qarabağ da Azərbaycan torpağıdır!”
Digər erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan isə qeyd edib ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini alacaqlarından və türklərin sülhü ilə Ermənistanın “dövlətçiliyi”nin məhvinin başlayacağından əmindirlər: “Ermənistan ətrafında sakit şəkildə hədsiz dərəcədə şübhəli proseslər baş verir. Biz yenə uduzuruq”.
Xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rus ekspert Qriqori Trofimçuk isə qeyd edir ki, Ermənistanda siyasi qüvvələrin mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizi reallaşacaq. Buna qarşı çıxmaq erməni tərəfinə baha başa gələcək: “Azərbaycan tərəfi mütəmadi olaraq xatırladır ki, 2020-ci il razılaşmasının vaxtı sürətlə bitir. Zəngəzur dəhlizinin olub-olmaması ilə bağlı mübahisə etmək olmaz”.
Bütün bunlar dəhlizin reallaşmasının bir daha qaçılmaz olduğunu göstərir.
Elçin Cəfərov
“Azərbaycan”