"Azərbaycan daha çox həcmdə Türkmənistan qazı əldə edə bilsə, Avropaya təbii qaz ixracatını daha da artıra, həmin regionun qısamüddətli və uzunmüddətli ehtiyaclarını da qarşılaya biləcək. Uzunmüddətli məqsədlər üçün Azərbaycandan nəql edilən təbii qaz bütün Avropa, Balkan və onun hüdudlarından kənarda “mavi yanacağın” paylanması üçün müəssisələrin yaradılmasına töhfə verə bilər".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Vaşinqtondakı Atlantik Şurası (Atlantic Council) adlı beyin mərkəzinin baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.
“Azərbaycan, Türkmənistan, İran arasında ildə 2 milyard kubmetr qazın qarşılıqlı (svop) tədarükünə dair razılaşma çox mühüm hadisədir. Pandemiya ilə bağlı bütün dünyada qısamüddətli perspektiv üçün təbii qaza böyük tələbat var”, – deyən ekspertin sözlərinə görə, hətta hazırkı böhranlı vəziyyət olmasa belə Azərbaycan ilə Türkmənistanın bu əməkdaşlıq üçün tutarlı iqtisadi və strateji səbəbləri var.
Sözügedən sazişin icrası üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsilə əlavə imkanlar çıxacağı da qeyd olunub: “Türkmənistandan İrana, oradan da Azərbaycana qaz nəqlini təmin edə bilsək, həmin qaz daha sonra Zəngəzur dəhlizilə nəql oluna bilər və belə olan halda yolboyu bu qazın emal olunacağı sənaye müəssisələri də inşa oluna bilər”.
Xatırladaq ki, ötən gün Türkmənistandan İrana, daha sonra Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb. Müddətsiz saziş bu il dekabrın 22-dən həyata keçirilməyə başlayacaq.