Bu il Babək rayonunda dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 25 istehsal və xidmət sahəsi yaradılıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni yaradılmış müəssisələr əsasən futbol-idman kompleksini, eyni zamanda istixana, heyvandarlıq, arıçılıq, quşçuluq və üzümçülük təsərrüfatlarını əhatə edir.
Həmçinin 2021-ci ilin yanvar-noyabr ayları ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına avtomobil təmiri sahəsi, süd emalı müəssisəsi, sirkə istehsalı sahəsi, heyvandarlıq təsərrüfatının yaradılması və genişləndirilməsi, soyuducu anbar olmaqla ümumilikdə 12 istehsal sahəsinin yaradılması davam etdirilib.
2021-cu ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilib. Bəhs olunan dövrdə fond tərəfindən Babək rayonunda 28 layihənin maliyyələşdirilməsinə 522 min manat həcmində güzəştli kredit verilib. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 27 layihənin maliyyələşdirilməsinə 512 min manat, sənaye yönümlü 1 layihənin maliyyələşdirilməsinə 10 min manat yönəldilib.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğı da rayonda öz nəticələrini verib, bir sıra kənd təsərrüfatı sahələri ilə məşğul olan çox sayda ailə təsərrüfatları yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında ailə təsərrüfatlarının rolunu nəzərə alaraq cari ilin ötən dövrü ərzində 15 ailə təsərrüfatlarına 237 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.
Sahibkarların beynəlxalq təcrübəni öyrənməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, xarici ölkələrdə tanıdılması məqsədilə Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 nümayəndəsinin xarici ölkələrdə keçirilən 9 beynəlxalq əhəmiyyətli tədbirdə dövlət dəstəyi ilə iştirakına köməklik göstərilib.