Muxtar respublikanın nümayəndə heyəti Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli Biznes Forumunda iştirak edib
Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumu işə başlayıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan Foruma Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Ləzzət Qida Sənaye”, “Badamlı Mineral Sular”, “Prestij Naxçıvan-Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nümayəndələri təmsil olunublar.
Tədbir çərçivəsində üçtərəfli görüşlər zamanı iştirakçı şirkətlərimiz muxtar respublikamızın sosial-iqtisadi inkişafı, biznes, investisiya mühiti və rentabelli investisiya layihələri barədə xarici şirkət nümayəndələrinə ətraflı məlumat verib və əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Biznes Forum Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub.
Qeyd edək ki, tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.