Bu il Naxçıvanda müxtəlif təyinatlı 120 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında çıxışı zamanı iqtisadiyyat naziri Tapdıq Əliyev deyib. Muxtar respublikanın hər bir rayonunun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılmasının, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verən layihələrin həyata keçirilməsinin 2021-ci ildə də diqqətdə saxlanıldığını deyən nazir bildirib ki, müxtəlif təyinatlı 120 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
“Cari ildə fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı sahəsi, Duzdağda açılan yeni şaxta, Naxçıvan “Xalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalat korpusunda ümumi investisiya dəyəri 6.509.000 manat olan 7 müxtəlif təyinatlı müəssisə və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin polietilen məmulatlar istehsalı sahəsi yerli tələbatın ödənilməsi ilə bərabər, ixrac potensialının güclənməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini veribdir”,- deyə iqtisadiyyat naziri bildirib.