Kənd təsərrüfatını inkişaf etdirmədən nə ərzaq təhlükəsizliyindən, nə də iqtisadi inkişafdan danışmaq mümkündür. Çünki aqrar sektor bir tərəfdən sənaye müəssisələrini xammalla təmin edir, digər tərəfdən isə özünüməşğulluğu təşviq edir, yerli istehsalın həcmi artır, daxili bazar qorunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səsləndirib.
Ali Məclisinin Sədri deyib: 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib. Zəmilərdən 103 min tondan artıq məhsul yığılıb.
Qarğıdalı əkinlərinə də diqqət artırılıb, məhsulun vaxtında toplanması üçün tədbirlər görülüb və tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. 2021-ci ildə 2150 hektar qarğıdalı sahəsindən 21 min tona yaxın məhsul tədarük edilib, hər hektarın orta məhsuldarlığı 96 sentner olubdur. Bostan-tərəvəz məhsullarına olan tələbat da nəzərə alınıb, muxtar respublika üzrə 6203 hektar sahədə tərəvəz, 2479 hektar sahədə bostan əkinləri həyata keçirilib, 102 hektar yeni meyvə bağı salınıbdır. Bundan başqa, 3470 hektar sahədə kartof, 52 hektar sahədə tütün əkini aparılıbdır ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 7 və 16 faiz çoxdur.