NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov son illər muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması və elektroenergetika infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin diqqət mərkəzində saxlanıldığını bildirib.
Ali Məclisin Sədri deyib ki, xüsusilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə abonentlərin elektrik enerjisi ilə dayanıqlı təminatına və ucuz enerji istehsalına səbəb olub. Bu sahədə görülən işlər cari ildə də davam etdirilib. 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib, Şahbuz rayonunda 3 kəndin elektrik sistemi yenidən qurulub, Ordubad rayonunda 32 meqavatlıq “Ordubad” Su Elektrik Stansiyasının, Şərur rayonunda isə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilib.
Təbii qaz təchizatı sisteminin müasirləşdirilməsinin də diqqətdə saxlanılıldığını deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan Qaz-Kompressor Stansiyası istifadəyə verilib.