Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.
Bunu NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən bu müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir: “Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur”.
İ.Əhmədov bildirib ki, gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq: “İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.
Qeyd edək ki, Türkmənistandan alınan ümumi qazın təxminən 20-30 %-ni svop haqqı kimi İran götürəcək, qalan hissəsi isə Azərbaycana tədarük ediləcək. İranın Neft Nazirliyinin məlumatında deyilir ki, illik 2 milyard kubmetrə qədər qaz mübadiləsini nəzərdə tutan sazişə görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz ötürəcək.
Xatırladaq ki, qaz sazişi, 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı üç Xəzəryanı ölkələrin prezidentləri tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.
Svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.
İranın cənubda böyük təbii qaz yataqları var, ancaq İran xüsusilə qış aylarında ölkənin şimal əyalətlərini qazla təmin etmək üçün 1997-ci ildən Türkmənistandan qaz idxal edir.
Ekspertlər hesab edirlər ki, bu sazişin həyata keçirilməsi regiondakı digər ölkələri də oxşar sazişlər imzalamağa və İranın bu məsələdə imkanlarından istifadə etməyə sövq edə bilər.
Rusiyadan sonra ən böyük yüksək təzyiqli qaz kəməri şəbəkəsinə malik olan İran qazın İranın şərqindən qərbinə və Azərbaycan kimi qonşu ölkələrə nəqlində əsas rol oynaya bilər.
Bu saziş həm də İran üçün böyük bir addımdır, çünki ölkənin təbii qaz mənbələrindən uzaqda yerləşən şimal-şərq rayonlarının sabit qaz təchizatını təmin edəcək.
İranın qaz ehtiyatları 34 trilyon kubmetr təşkil edir.