Muxtar respublika iqtisadiyyatının hazırkı inkişaf mərhələsində qarşıda duran vacib vəzifələrdən biri də beynəlxalq tələb və formalara cavab verən yüksək keyfiyyətli məhsulların istehsalının təşkili və regionun ixrac potensialının gücləndirilməsidir. Bu məsələ həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə sahibkarlarımızın istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas məqsəd yerli məhsullarımızı təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artmasından ibarətdir.
Bu cür beynəlxalq tədbirlər 2021-ci ildə də davam etdirilib. Fevral ayının son həftəsində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunmuş “Gulfood-2021” Beynəlxalq Qida Sərgisində muxtar respublikanın ixrac potensialı geniş şəkildə təbliğ olundu. Sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikanın iri sahibkarlıq subyektlərindən olan “Ləzzət Qida Sənaye”, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdikləri müxtəlif çeşidlərdə vafli, peçenye, lokum, araxis, “TeaNati” çayları, limonadlar, ağ və qara günəbaxan tumları, həmçinin qazlı və qazsız “Sirab” və “Badamlı” mineral suları olmaqla, cəmi 115 çeşiddə məhsul nümayiş edildi.
Digər bir mühüm sərgi isə 30 mart-02 aprel 2021-ci il tarixlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “Mosbuild-2021” 26-cı Beynəlxalq Tikinti və Təmir Materialları Sərgisi idi. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının iştirak etdiyi sərgidə vahid ölkə stendi altında şirkətin istehsalı olan sadə və kompozit polipropilen borular, qapı-pəncərə üçün plastik profillər və aliminiyum, panel radiatorlar nümayiş olundu.
Oktyabr ayında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh”-Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisi keçirildi. Naxçıvan Muxtar Respublikası da bu sərgiyə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına daxil olan “Naxçıvan Sement Zavodu”, “Naxçıvan Tikinti Materialları İstehsalat Kompleksi” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən 10 növdə 25 çeşiddə məhsul çıxarmışdı.
Ümumilikdə, 2021-ci ildə BƏƏ, Rusiya, Pakistan, Özbəkistan, Türkiyə, Gürcüstan, Qətər və digər ölkələrlə 18-si sərgi olmaqla keçirilən 29 beynəlxalq tədbirdə 70 halda sahibkarlıq subyektinin 97 nümayəndəsi iştirak edib.
Sərgilər naxçıvanlı sahibkarlar üçün yeni üfüqlər açdı. Əsas məqsəd xarici ölkələrə hansı məhsulların ixrac edilməsinin mümkünlüyünün araşdırılması idi. Bu sərgilərdə yerli sahibkarların iştirakı həm də Naxçıvanda istehsal edilən yüksək keyfiyyətli məhsulların təbliği və yeni bazarların tapılmasına zəmin yaratdı. Hər kəs sərgilərə çıxarılan məhsullarımız vasitəsilə son illərdə muxtar respublikanın necə inkişaf etdiyinin şahidi oldu. Bu inkişaf və tərəqqi isə asanlıqla əldə olunmamışdır. Qazanılan uğurların bir sıra səbəbləri var idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına güclü təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadiyyatın inkişafına nail olunmuşdur. Son illərdə muxtar respublikada ardıcıl və sistemli olaraq iqtisadi islahatların aparılması, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması da belə bir inkişaf prosesinə təsirsiz qalmayıb. Sahibkarlığın inkişafında kredit siyasətinin düzgün həyata keçirilməsi bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, şəffaflığın təmin olunmasını da qazanılan uğurların səbəbləri sırasına daxil etmək olar. Bir faktı qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş kreditlərin həcmi 7 milyon 744 min manatdan çox olubdur. Sahibkarlıq fəaliyyətinin davamlı inkişaf dinamikasını xarakterizə edən mühüm bir fakt ondan ibarətdir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bəli, bütün bu inkişaf bu gün imkan verdi ki, naxçıvanlı iş adamları beynəlxalq tədbirlərdə geniş bir heyətlə iştirak etsinlər və muxtar respublikamızın iqtisadi yüksəlişini, sənayeləşmə yolunda qətiyyətli addımlarını yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsullarla göstərə bilsinlər. Əlbəttə, bu gün dövlətin diqqət və qayğısı nəticəsində muxtar respublikada belə müəssisələr yaradılmasaydı, bu müəssisələrdə keyfiyyətli məhsul istehsal edilməsəydi, yəqin hər hansı beynəlxalq sərgidə iştirak etməkdən də söhbət gedə bilməzdi.
Qarşıdan isə cari ilin fevral ayında Dubay və Moskva şəhərlərində keçirilməsi nəzərdə tutulan "Gulfood 2022" və "Prodexpo" Beynəlxaq Qida Sərgiləri gəlir. Sahibkarlarımızın böyük heyətlə bu tədbirlərdə iştirakı nəzərdə tutulub. Ümidvarıq ki, bu tədbirlər də iş adamlarımız üçün yeni üfüqlər açacaq, muxtar respublikamızın ixrac potensialının daha da artırılmasına kömək edəcəkdir.
Çinarə Balayeva
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi