Muxtar respublikanın iqtisadi potensialının artmasında ötən il sənaye mühüm rol oynayıb

A- A A+

Muxtar respublikada güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Bu müddətdə dövlət proqramlarının, iri layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.

Muxtar respublika sənayesinin yüksək sürətlə inkişaf etməsi, əsasən, 17 il əvvəl qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşması məqsədilə buradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunması ilə bağlıdır. 2004-2020-ci illərdə muxtar respublika iqtisadiyyatı 12,5 dəfə, ötən ilin 11 ayında isə 1,4 faiz artmışdır. 2020-ci ildə sənayedə əlavə dəyərin illik artım tempi 2,5 faiz, ötən ilin 11 ayında isə 1,2 faiz artmışdır. Nəticədə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 11 ayında sənayenin ÜDM-də xüsusi çəkisi 27,5 faizə yüksəlmişdir.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir. Ötən il iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilmiş, stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. 2021-ci ildə muxtar respublikada 120 sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Bu müəssisələr arasında “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı sahəsi, Duzdağda açılan yeni şaxta, Naxçıvan “Xalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin polietilen məmulatlar istehsalı sahəsi yerli tələbatın ödənilməsi ilə bərabər, ixrac potensialının güclənməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini vermişdir. Qısa müddət ərzində istifadəyə verilmiş bu sənaye obyektlərinin açılışında Ali Məclisin Sədrinin iştirakı, tapşırıq və tövsiyələrini verməsi muxtar respublika sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.

Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 61 layihə reallaşdırılır ki, bunlardan da Şərur Sənaye Məhəlləsi, yeni duz istehsalı, həmçinin enerji içkiləri iri sənaye müəssisələridir.

Həyata keçirilən iqtisadi tədbirlərin nəticəsidir ki, muxtar respublikada 384 növdə məhsul istehsal olunur. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da yerli istehsalın xüsusi çəkisinin artması hesabına olmuşdur.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaratmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Belə ki, 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 7 milyon 744 min manat təşkil etmişdir. Bu kreditlərdən 191 min 500 manatı sənaye sahələrinin yaradılmasına sərf olunmuşdur.  Maliyyələşdirilmiş layihələr hesabına 550-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Yeni müəssisələrin yaradılması ilə yanaşı, muxtar respublikada istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrində zəruri ərzaq məhsulları ilə yanaşı, müxtəlif tikinti materialları, plastik tikinti materialları, avtomobil, mebel və sair istehsal olunur, bir çox sənaye məhsulları üzrə muxtar respublika özünü təmin edir. Görülmüş tədbirlərin nəticəsidir ki, ötən ilin 11 ayı ərzində sənaye sektoru 1,4% artmış, ÜDM-in 27,5 %-i sənayedə istehsal olunmuşdur. Sənaye məhsulunun 92,6 %-i özəl bölmənin payına düşmüşdür.

Həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradır. Hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır. Ötən il Rusiya, İran, İraq, Türkiyə, Yəmən, BƏƏ, Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa, Çin, Əfqanıstan, Türkmənistan, Kanada, Qazaxıstan, Ukrayna kimi ölkələrə vafli məmulatları, mebel dəstləri, mineral sular, tütün məmulatları, tikinti materialları, daş məhsulları, plastik inşaat məhsulları ixrac edilmişdir.

Hazırda muxtar respublikada sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir, həm də bu məqsədlə kiçik və orta sahibkarlığın inkişafına diqqət artırılır. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda muxtar respublikada sənayenin inkişafı idxaldan asılılığı azaldacaq və böyük ixrac potensialı yaradacaq. Muxtar respublikada cari ildə istifadəyə veriləcək Şərur Sənaye Məhəlləsi bu fikrin reallığından xəbər verir.

                                                             Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: