“Wi-Fi” fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. “Wi-Fi” texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə “Wi-Fi” şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq “WPS”i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən “Wi-Fi” şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan “WPS”lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.
Başqa yolla “Wi-Fi” adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə “Wi-Fi” əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.
“WPA2-PSK” şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. “Wi-Fi” şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.
Modem sazlamalarından “MAC-Filtering” funksiyasından istifadə etməklə, şəbəkəyə qoşulan qurğuları müəyyənləşdirmək olar. Bu şəbəkə yalnız icazə verilən xüsusi qurğuların qoşulmasına imkan verir. Bunun üçün ilkin olaraq “MAC” ünvanları müəyyənləşdirilir və modem sazlamalarından “Status” bölməsinə daxil olub “MAC ünvanları” öyrənilir. Burada şəxsə məxsus ünvanlar mövcuddursa, onlar seçilib və yadda saxlanılmalıdır. Əgər başqa qurğulara məxsus “MAC” ünvanlar varsa, deməli, kənar şəxslər şəbəkəyə icazəsiz qoşulublar.