Naxçıvanda karqo şirkətlərinin fəaliyyəti müzakirə olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasındakı karqo şirkətlərinin fəaliyyətinin düzgün təşkili istiqamətində görülən işlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsində bu məqsədlə keçirilən tədbirdə komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 mart 2021-ci il tarixli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, qısa müddətdə görülmüş məqsədyönlü işlər nəticəsində artıq Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən sürətli poçt xidmətlərinin keyfiyyəti yüksəlib, karqo yüklərinin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilməsi təmin olunub. Ölkəmizdə ilk dəfə olaraq Naxçıvanda karqo şirkətləri ilə gömrük orqanları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi ilə səmərəli əməkdaşlıq platforması yaradılıb.

Vurğulanıb ki, qanunvericiliklə qadağan olunan malların daşınmamasına dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalı, gömrük məqsədləri üçün mal-müşayiət sənədləri vaxtında və düzgün formada təqdim olunmalı, lisenziyasız çatdırılma xidməti göstərmək istəyən şəxslərə şərait yaradılmamalıdır.

Naxçıvan Muxtar Respublikasının Rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev qeyd edib ki, sürətli poçt xidmətlərinin Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsi etibarlı və təhlükəsiz xidmətlərin göstərilməsini təmin edib, bu sahədə məmnunluq səviyyəsi xeyli yüksəlib. Müxtəlif şəhər və rayon mərkəzlərində yeni karqo məntəqələrinin fəaliyyətə başlaması sürətli poçt xidmətlərinin əhatə dairəsini genişləndirib, insanların rahatlığı təmin olunub. Ötən dövr ərzində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən 3 karqonun lisenziyası ləğv edilib.

Tədbirdə Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasov karqo fəaliyyətinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi ilə bağlı görülən işlərdən, Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Mahir Orucov karqo şirkətlərinin fəaliyyətlərində aşkarlanmış hüquqpozma halları və onların aradan qaldırılması yollarından, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Əməyin mühafizəsi və mülki müdafiə işləri üzrə məsləhətçisi Sahil Quliyev isə muxtar respublikada sürətli poçt xidmətləri göstərən karqoların fəaliyyət istiqamətlərindən danışıblar.

Sonda karqo şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tədbirə yekun vuran Komitə sədri gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın muxtar respublikaya sürətli poçt xidmətləri vasitəsilə gətirilən bütün mallar üzərində gömrük nəzarətinin tələb olunan səviyyədə həyata keçirilməsi, gömrük sahəsində hüquqpozma hallarına yol verilməməsi və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Türkan Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: