Muxtar respublikada 384 növdə məhsul istehsal olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Tapdıq Əliyev vurğulayıb ki, keçən il muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb, 120 istehsal və xidmət sahəsi istifadəyə verilib. 61 layihənin icrası isə davam etdirilir. Ümumilikdə, həyata keçirilən tədbirlərin nəticəsində bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur və 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin nəticələri də diqqətə çatdırılıb. Nazir bildirib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib, ötən il 151 layihənin maliyyələşdirilməsinə 7 milyon 744 min 378 manat həcmində kredit verilib. Bu kreditlərin 191 min 500 manatı sənayenin, 3 milyon 325 min 878 manatı kənd təsərrüfatının inkişafına, 4 milyon 227 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 550-dən çox yeni iş yeri açılıb.

Tapdıq Əliyev deyib ki, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ildə 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 sayda 27 çeşiddə tara ilə təmin olunub. Nazirliyin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarında hazırlanan 273 halda məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında analizlər aparılıb. Cəmiyyət tərəfindən 137 hаldа mənşə sertifikatı verilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən nazir bildirib ki, 2021-ci ildə 4 layihə üzrə 23 milyon 661 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənəd verilib.

Bildirilib ki, 2021-ci ildə görülən işlər ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini verib. Ötən il keçirilmiş 29 beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 70 sahibkarlıq subyektinin 97 nümayəndəsinin xarici ölkələrdə iştirakı təmin edilib. Naxçıvan məhsulları daxili bazarda öz mövqeyini möhkəmləndirməklə yanaşı, Rusiya, İran, İraq, Türkiyə, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa, Çin, Əfqanıstan, Türkmənistan, Kanada, Qazaxıstan, Ukrayna kimi ölkələrə də ixrac edilib.

İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli məhsulların ixracının genişləndirilməsi iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Tapdıq Əliyev qeyd edib ki, ötən il soyuducu anbarlara 8713 ton meyvə-tərəvəz məhsulları tədarük olunub. İstehlak bazarının davamlı təchizatını təmin etmək məqsədilə istiхana kоmplekslərində 154 min 705 kvadratmetr sahədə tərəvəz məhsulları yetişdirilib, 903 ton tərəvəz məhsulları istehsal olunaraq satışı həyata keçirilib.

Qarşıda duran vəzifələrdən də danışan nazir müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin olunması, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair tapşırıqlar verib.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər təmsil etdikləri qurumlar tərəfindən 2021-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs ediblər.

İclasda İqtisadiyyat Nazirliyinin 2022-ci il üçün İş Planı təsdiq olunub.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: