Ötən il Naxçıvanda 120 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Sahibkarlar Konfederasiyasında keçirilən iclasda konfedrasiyanın sədri Vüqar Abbasov bildirib ki, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması muxtar respublikanın istehsal potensialını yüksəldib. Ötən il də sahibkarlara 31 milyon manata yaxın kredit verilib. Göstərilən maliyyə dəstəyi nəticəsində 120 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
İclasda vurğulanıb ki, artıq muxtar respublikada yaradılan istehsal müəsisələri daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixracına da potensial yaradıb. Ötən il “Badamlı” Mineral Sular Zavodu 3, “Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti 8, “Ləzzət” Biskivit və Şokalad Fabriki 7, “Cahan Tabaq” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti 8, “Gəmiqaya Daş Məhsulları” Sənaye Kompleksi 2, “Gəmiqaya” Mebel Fabriki 2 xarici ölkəyə məhsul ixrac edib.
Bildirilib ki, yerli istehsal məhsullarının ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsi istiqamətində ötən il konfederasiyanın iş planına uyğun olaraq bir sıra xarici şirkətlərlə görüşlər keçirilib, istehsal müəsisələrinin beynəlxalq sərgilərdə iştirakına köməkliklər göstərilib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi təşkil olunan “Gulfood-2021” beynəlxalq qida sərgisində Naxçıvan məhsullarının nümayişi də ixracın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Qeyd olunub ki, ötən il də sahibkarlar üçün yeni layihələrin təqdimatı keçirilib, treniqlər, seminarlar təşkil olunaraq onları maraqlandıran mövzularla bağı məlumatlar verilib. Həmçinin sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütamadi iş aparılıb.
İclasda iştirakçılara Sahibkarlar Konfedarasiyasının 2021-ci ildə gördüyü işlərlə bağlı videoçarx təqdim olunub, konfederasiyanın idarə heyətinin və təftiş komissiyasına yeni üzvlər seçilib.
Sonda konfederasiyanın 2022-ci il üçün iş planı təsdiq olunub.
Novruz Məmmədov