2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

A- A A+

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ildə də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

2021-ci ilin ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyasının yenidən qurulması ilə tanış olmuşdur. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

2021-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59 faiz təşkil etmişdir.

2020-ci illə müqayisədə 2021-ci ildə sənaye məhsulu 1,7 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2 faiz, kənd təsərrüfatı məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,9 faiz, informasiya və rabitə xidmətləri 6,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz  artmışdır.

Makroiqtisadi göstəricilər

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.

2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil etmişdir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

 

2021-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 52 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanmışdır.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilmişdir.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2021-ci ildə Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, hərbi aerodromun, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılmış, hərbi zavodun və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir. Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmışdır. Şahbuz rayonunda iki əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, yaşayış binasının tikintisi davam etdirilmişdir.

Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binasının yenidən qurulması başa çatdırılmış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının və Nehrəm Təlim Mərkəzinin yenidən qurulması, diviziyada əsgər yataqxanasının təmiri davam etdirilmişdir. Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılmış, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilmişdir.

Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200”, Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı xidməti avtomobillər təqdim olunmuşdur.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil, bir ailəyə isə xidməti mənzil təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2021-ci ildə muxtar respublikada 355 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə  uyğun olaraq 2021-ci ildə 10 kənd mərkəzi istifadəyə verilmiş, 3 kənd mərkəzinin tikintisi davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının yenidən qurulması davam etdirilmişdir.

Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 31 texnika və 2 minik avtomobili verilmişdir. 

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 8 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 1 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2021-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. 

Babək rayonunun Cəhri qəsəbəsində, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud, Dəstə, Dırnıs və Kələki kəndlərində kaptajların, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında nasos stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayon mərkəzi və ətraf kəndlərinin, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində 4, Babək rayonunun Nəzərabad və Ordubad rayonunun Dəstə kəndləri ərazisində, Şahbuz rayonunun Külüs, Qızıl Qışlaq və Badamlı kəndlərində, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə hər birində 1 subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi davam etdirilmişdir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri 

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2021-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılmışdır ki, bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmış və 2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilmişdir.  2021-ci ildə taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilmişdir. 

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur. Əkin sahələrindən 54689 ton kartof yığılmışdır.

2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur. 2021-ci ildə əkin sahələrindən 94,3 ton qurudulmuş tütün tədarük edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Fərmanı ilə “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.

Torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində mühüm rolu olan Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulmuşdur.

Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 5 istixana təsərrüfatının və 6 soyuducu anbarın yaradılması, 3 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 soyuducu anbarın yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ildə 249 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 97 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.

2021-ci ildə 105 min 808,4 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 20597 ton dən üçün qarğıdalı, 397,3 ton dən üçün günəbaxan, 87728 ton tərəvəz, 35142 ton ərzaq üçün bostan məhsulları, 53114 ton meyvə, 17098 ton üzüm tədarük edilmişdir. 

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ildə də diqqətdə saxlanılmış, 72 heyvandarlıq təsərrüfatının yaradılması, 15 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 22 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2021-ci ildə 14 milyon 995 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən  33,8 faiz  çoxdur.

Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

2021-ci ildə heyvandarlıq təsərrüfatlarında 12052 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 12824 baş sağlam bala alınmışdır. 

Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradacaqdır.

1 yanvar 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 120 min 170 baş, qoyun və keçilərin sayı 735 min 908 baş olmuşdur ki, bu da 1 yanvar 2021-ci il tarixə olan göstəriciləri 2,1 və 2,5 faiz üstələmişdir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.

2021-ci ildə muxtar respublikada diri çəkidə 30228,9 ton ət, 88564,1 ton süd istehsal olunmuşdur ki, bu da 2020-ci illə müqayisədə 3,5 və 1,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2021-ci ildə 15 arıçılıq təsərrüfatının yaradılması, 2  arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2021-ci ildə 505 min manat kredit verilmişdir. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmış, 2021-ci ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 100 min 86-ya çatdırılmışdır. Arıçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə 2021-ci ildə “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilmişdir. 

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, 2021-ci ildə Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Dərvişlər, Babək rayonunun Araz, Göynük, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Dırnıs və Vələver kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmış, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir. 

Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və  kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması  məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. 

2021-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 17 milyon 295 min 200 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 29,5 faiz çoxdur.

Muxtar respublikada özünüməşğulluğun və daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasında xüsusi yer tutan ailə təsərrüfatlarının davamlı inkişafı diqqətdə saxlanılmış, təsərrüfatlar tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilmişdir.

Muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 14 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ildə bir il öncəyə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi
məhsulu, min manat

Bu dövr ərzində meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 363,4 hektar sahədə qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi, Ordubad rayonunda Zəvvar arxının əsaslı təmiri başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. 

Bundan əlavə, suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında iki, Cəhri qəsəbəsi ərazisində, Hacıvar kəndində və Naxçıvan şəhərində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2021-ci ildə 342 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 330 min ağac və gül kolu əkilmiş, 191 hektar toxumla yaşıllaşdırma işləri görülmüşdür. 

Nəqliyyat, informasiya-rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2021-ci ildə Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində iki avtomobil yolunun, Culfa şəhərində daxili avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Babək rayonunun Göynük, Araz, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Dərvişlər kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılmışdır.

Naxçıvan şəhərində iki avtomobil yolunun, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.

Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, Vələver, Aza, Nüsnüs, Qoşadizə kəndlərinin hər birində bir və Babək rayonunun Göynük kəndində üç körpünün təmiri başa çatdırılmışdır. 

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının və Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilmişdir. 

Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilmişdir. 

2021-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 16 milyon 901 min 700 ton yük, 105 milyon 950 min 500 sərnişin daşınmışdır. 2020-ci illə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması 2,3 faiz artmışdır.

2021-ci ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 10 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 10 avtomat telefon stansiyası quraşdırılmışdır.

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir.

2021-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ildəki müvafiq göstəricini 6,9 faiz üstələyərək 59 milyon 331 min 200 manat olmuşdur. 

Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının və Şərur rayonunda Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şahbuz rayonunda 3 kəndin elektrik təsərrüfatı yenidən qurulmuş, Şərur rayonunun Maxta və Muğanlı kəndlərində 35/10 kilovoltluq transformator yarımstansiyalarının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmış, Culfa rayonunda 132/110/35 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilmişdir.

Muxtar respublikada 87,9 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, ümumilikdə, 25 transformator yarımstansiyası quraşdırılmışdır.

Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Qaz Kompressor Stansiyası tikilmişdir. 1 yanvar 2022-ci il tarixə muxtar respublikada 89 min 667 əhali abonenti təbii qazla təmin olunmuşdur. 

Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Şərur və Babək şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilmişdir.

Sahibkarlıq fəaliyyəti
və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilmişdir. Verilmiş kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 52 hüquqi və  2389 fiziki şəxs qeydiyyata alınmışdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 548,8 manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.

2021-ci ildə muxtar respublikada 427 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru, aşbaz və xalçaçı peşələri üzrə, ümumilikdə, 264, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 24 məhkum daş üzərində oyma və heykəltəraş peşə kurslarına cəlb edilmişdir. 

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru, dəmir yolu nəqliyyatında elektrik montyoru, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru və dayə peşələri üzrə ixtisasartırma kurslarına, ümumilikdə, 131 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 3873 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq  qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2021-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 2 milyard 40 milyon 391 min 300 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,3 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Çərçiboğan və Dərvişlər, Babək rayonunun Araz və Göynük, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Vələver və Dırnıs kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi, Naxçıvan şəhərində “1001 Home” mağazasının yenidən qurulması başa çatdırılmışdır.

Ordubad rayonunun Kələki, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin, Anaqut kəndində istirahət mərkəzinin, Culfa rayonunun Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilmişdir.

Bank işi və sığorta fəaliyyəti

Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.

1 yanvar 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 186622-yə çatmışdır ki, bunun da 175338-i və ya 94 faizi aktiv hesablardır. 2021-ci ildə açılmış 45117 bank hesabının 45075-i aktiv hesablar olmuşdur.

1 yanvar 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1511-ə çatdırılmışdır. 2021-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 119 milyon 48 min 435 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 33,2 faiz çoxdur.

2021-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 235 milyon 283 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 31,1 faiz çoxdur. Verilmiş kreditlərin 24 milyon 9 min 600 manatı və yaxud 10,2 faizi qısamüddətli, 211 milyon 274 min  manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olmuşdur.

Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının inzibati binalarının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilmişdir.

Muxtar respublikada sığorta sahəsinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2021-ci il 24 may tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır.

2021-ci ildə  muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 8 milyon 495 min 600  manat olmuşdur ki, bunun da 1 milyon 574 min 200 manatını könüllü,  6 milyon 921 min 400 manatını isə icbari sığorta təşkil etmişdir.

Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması başa çatdırılmış, Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilmişdir.

Ordubad rayonunun Vələver kəndində 198, Babək rayonunun Göynük kəndində 88 şagird yerlik tam orta məktəb və Araz kəndində 88 şagird yerlik ümumi orta məktəb binalarının tikintisi, Şərur rayonunun Şəhriyar kəndində 224, Dərvişlər kəndində 198, Çərçiboğan kəndində 654, Ordubad rayonunun Nüsnüs kəndində 414, Aşağı Əndəmic kəndində 252, Dırnıs kəndində 216 şagird yerlik tam orta məktəb binalarının və Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Ordubad rayonunda innovativ dərnəklər yaradılmışdır.

Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab, Ordubad rayonunun Pəzməri kənd­lərində məktəb binalarının tikintisi davam etdirilmişdir. 

Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilmişdir.

Şərur rayonunun Çərçiboğan kəndində uşaq musiqi məktəbi binasının tikintisi, Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılmış,  Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə 2021-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır. 

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2020-2021-ci tədris ili üzrə qəbul imtahanlarında iştirak etmiş məzunlardan 1963-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, muxtar respublikanın qəbul göstəricisi    73 faiz olmuşdur. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplamış, onlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz kənd­lərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Ordubad Rayon Uşaq Xəstəxanası binalarının  və Babək rayonunun Göynük kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır. 

2021-ci ildə muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə isə, ümumilikdə,  9 avtomobil verilmişdir.

Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilmişdir.

Sosial layihələr çərçivəsində 2021-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 466 cərrahi əməliyyat aparılmışdır.

Hesabat dövrünün sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 404 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 25 şəhid ailəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 3 nəfərə, ümumilikdə, 28 ailəyə mənzil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 25 nəfərə və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, ümumilikdə, 28 nəfərə minik avtomobili təqdim edilmişdir.

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan 202 ailənin hər birinə 2 baş iribuynuzlu,  64 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 31 ailənin hər birinə mini yer şumlayan aqreqat, 4 ailənin hər birinə 10 arı ailəsi, 4 ailənin hər birinə otbiçən və odunkəsən aqreqatlar, 3 ailənin hər birinə inkubator aparatı, 4 ailənin hər birinə otbiçən aqreqat, 4 ailənin hər birinə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 2 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 2 ailənin hər birinə döşəmə hamarlayan dəzgah, 2 ailənin hər birinə  inkubator və quş tükü təmizləyən aparat, 1 ailəyə otdoğrayan aqreqat, 1 ailəyə mebel təmiri və üzlənməsi avadanlığı, 1 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 ailəyə bərbər avadanlıqları və ləvazimatları, 1 ailəyə südsağan aqreqat, 1 ailəyə təmir-tikinti alət və ləvazimatları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları və ləvazimatları, 1 ailəyə iaşə xidmətinin göstərilməsi üçün avadanlıqlar verilmişdir. Ümumilikdə, 2021-ci ildə 330 ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, monitorinqlər aparılaraq təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə arpa-buğda qıran, 6 ailəyə otdoğrayan və 2 ailəyə südsağan aqreqatlar verilmişdir. 2021-ci ildə sağlamlıq imkanları məhdud qadınlarla müqavilə bağlanaraq 2500 cüt yun corab, 2200 ədəd yun jilet və 1000 ədəd yun boyunluq toxunulmuş, hərbi hissələrə təhvil verilmişdir.

Hesabat dövrünün sonuna 281 tənha ahıl və sağlamlıq imkanları məhdud vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 266 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 279 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 681 texniki və 563 köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş,  305 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksində keçirilən göycə məhsullarının satış yarmarkasında və “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında sağlamlıq imkanları məhdud şəxslərin rəsm və əl işlərindən ibarət sərgi-satışı, həmçinin muxtar respublikanın şəhər və rayonlarında sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərinin sərgi satışı təşkil edilmişdir. Ümumilikdə, sərgi-satışlarda, ailə təsərrüfatı yarmarkalarında və sosial şəbəkədə onlayn satış zamanı 206 sağlamlıq imkanları məhdud şəxsin 3907 ədəd əl işi çıxarılmış, bunlardan 180 müəllifin 904 ədəd əl işi satılmışdır. 

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə artaraq    1 dekabr 2021-ci il tarixə 463 min nəfərə yaxın olmuşdur. 

Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Naxçıvan şəhərində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2 saylı Nikah Evi və 3 saylı Notariat Ofisi üçün yeni bina istifadəyə verilmişdir.

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2021-ci il 23 fevral tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 188 milyon 214 min manata yaxın vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,2 faiz çoxdur.

Muxtar respublikada idmanın inkişafı 2021-ci ildə də diqqətdə saxlanılmış, Uzunoba Təlim-Məşq İdman Kompleksinin, Kəngərli rayonunun Qabıllı kəndində minifutbol meydançasının tikintisi, Ordubad Şəhər Stadionunun yenidən qurulması başa çatdırılmışdır. Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klubları yeni idman avadanlıqları ilə təmin olunmuşdur. 

Muxtar respublikada ilk dəfə kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilmişdir.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu istiqamətdə 2021-ci ildə Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmiş, Naxçıvan şəhərində Uşaq Kitabxanasının və Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir. Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilmişdir. 

Şərur, Kəngərli və Sədərək rayonlarında Bayraq meydanları istifadəyə verilmişdir.

Babək rayonunun Cəhri qəsəbəsində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilmişdir.

Muxtar respublikada rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

2021-ci il martın 17-də Naxçıvan dövlət teleradiosunun fəaliyyəti yenidən təşkil olunmuşdur. 

2021-ci ildə Naxçıvan Dövlət Universiteti Televiziyasının muxtar respublika miqyasında yayımı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunmuşdur.

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili istiqamətində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi istifadəyə verilmişdir.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2021-ci ildə Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin tikintisi başa çatdırılmış, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilmişdir. 

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binalarının yenidən qurulması davam etdirilmişdir.

Aparılan təhlillər deməyə əsas verir ki, bütün sahələrdə qazanılmış uğurlar, səmərəli məşğulluğun təmin edilməsi üzrə görülən mühüm işlər muxtar respublikanın davamlı inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: