İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak edib.
Görüş zamanı Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən Naxçıvana və geriyə hərəkət edən avtodaşıyıcılar üçün vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib.
Görüş zamanı Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə işçi qrupunun ötən il dekabrın 7-də keçirilmiş I iclasının protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfdən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıblar.
Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə Astara şəhərinə yola düşüblər.