Muxtar respublikada istehlak mallarının ekspertizası diqqət mərkəzində saxlanılır

A- A A+

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını tələb edir. Ona görə də bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi diqqət yetirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu istiqamətdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il 85 mal çeşidini əhatə edən 604 səyyari və 2166 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri əsasən, 1668 yerli istehsal məhsullarını və 498 idxal məhsullarını əhatə edib. Qeyd olunan dövrdə 927 halda hüquqi və 1239 halda fiziki şəxslər tərəfindən daxil olmuş 2166 halda mal nümunələrində laboratoriya təhlilləri aparılıb. 2164 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin isə keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Normativ-texniki sənədlərin tələblərinə cavab verməyən məhsullarda nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti sahibkarlıq subyektləri ilə maarifləndirici işlər aparılıb və metodiki köməkliklər göstərilib.

Muxtar respublika iqtisadiyyatına gündən-günə daha böyük töhfə verən ailə təsərrüfatlarının istehsal etdikləri ərzaq məhsullarından ötən il 273 halda orta nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya təhlilləri aparılıb.

Sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının istehsalçılar tərəfindən birbaşa bazarlara təklif edildiyi nəzərə alınaraq 700 halda səyyar laboratoriya təhlilləri aparılıb, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilib.

2021-ci ildə muxtar respublikada ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi məqsədilə müxtəlif məhsullar üzrə müvafiq ekspertizalar aparılıb və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 137 hаldа mənşə sertifikatının verilməsi təmin edilib.

Nazirliyin məlumatında qeyd olunur ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası muxtar respublikada istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: