Muxtar respublikada arıçılığın inkişafı tədbirləri davam etdirilir - FOTOLAR

Dövlət proqramı icra olunur

A- A A+

Muxtar respublikanın əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən əsas amillərdəndir. İqtisadi cəhətdən gəlirli olan bu təsərrüfat sahəsi həm də ətraf aləmin və ekoloji mühitin yaxşılaşdırılması baxımından səmərəli hesab olunur. Arıçılıq kənd təsərrüfatının xüsusi diqqət və zəhmət tələb edən sahələrindəndir. Arılara mövsümə uyğun qulluq göstərilməsi, yem ehtiyatının bolluğu, xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi bu sahənin inkişafına təsir göstərən faktorlar kimi diqqəti cəlb edir. Bütün bu sadalananlarla yanaşı, arıçılığın inkişafına təkan verən ən mühüm amillərdən biri də göstərilən dövlət qayğısıdır. 

Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən tədbirlər arıçılığı bir tərəfdən faydalı və gəlirli aqrar istiqamətə, digər tərəfdən, kənd əhalisinin məşğulluğunu təmin edən önəmli bir vasitəyə çevirmişdir. Görülən işlərin davamlı xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” xüsusi rol oynayır. Proqramın icrası ötən il də diqqətdə saxlanılmış, həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə Naxçıvanda arı ailələrinin sayı 100 mini ötmüşdür. Muxtar respublikada 1 yanvar 2022-ci il tarixə 100 min 86 arı ailəsi qeydiyyata alınmışdır ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 151 arı ailəsi çoxdur.   

Dövlət proqramının icrası nəticəsində ənənəyə çevrilmiş və mühüm stimullaşdırıcı xarakterə malik olan tədbirlərdən biri muxtar respublikada hər il “Arıçılıq məhsulları-bal festivalı” və satış yarmarkalarının keçirilməsidir. Bu istiqamətdə işlər ötən il də davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oktyabrın 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası”nda iştirak etmişdir. Yarmarkaya muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanmış şirniyyatlar çıxarılmışdır. Yarmarka 2 gün davam etmiş, ümumilikdə, 564 min 230 manat dəyərində arıçılıq məhsullarının satışı həyata keçirilmişdir. Bu cür yarmarkaların keçirilməsində məqsəd arıçılar üçün istehsal etdikləri məhsulların geniş alıcı kütləsinə təqdim edilməsi, istehlakçılar üçün isə keyfiyyətli arıçılıq məhsullarına əlçatanlığın asanlaşdırılmasıdır.

Naxçıvanda arıçılığa göstərilən dövlət qayğısı təkcə satış yarmarkalarının keçirilməsi ilə məhdudlaşmır. Bu istiqamətdə göstərilən dövlət maliyyə dəstəyi də arıçı sahibkarların fəaliyyətini stimullaşdıran ən mühüm vasitələrdəndir. 2021-ci ildə muxtar respublikada fəaliyyət göstərən 3 min 965 arıçı sahibkara 997 min 400 manat məbləğində subsidiya ödənilmişdir. Bununla yanaşı, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 17 arıçılıq təsərrüfatına 224 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Həmçinin bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 15 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmış, 2 arıçılıq təsərrüfatının yaradılması və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

Arıçılıq təsərrüfatlarının sayının çoxalması yem bitkilərinə olan tələbatın artmasına səbəb olur. Artan tələbata uyğun balyığma mənbələrinin yaradılması məhsul bolluğuna təkan verir. Öz növbəsində, bal arıları da ekoloji tarazlığın qorunmasında əsaslı rol oynayır. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma tədbirləri zamanı arıçılıqda yem mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, bu dövrdə 38,3 hektar sahədə nektar və çiçək tozu ilə zəngin olan meyvə tinglərindən ibarət yeni meyvə bağları salınmış, dağlıq və orta dağlıq ərazilərdə 188 hektar sahədə meyvə və giləmeyvə toxumları ilə əkin aparılmışdır. 

Arıçılıq fəaliyyətinin davamlı xarakter daşıması və yüksək məhsuldarlığa malik olması arı xəstəlikləri ilə mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Xəstəliklərin vaxtında aşkarlanmaması, mübarizə tədbirlərinin görülməməsi arı ailələrinin məhv olmasına gətirib çıxarır. Bundan başqa, xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür və arıçılıq fəaliyyəti gəlirlilik xüsusiyyətini itirir. Dövlət proqramında arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası istiqamətində 2021-ci ildə infeksion xəstəliklərdən olan Amerika və Avropa çürüməsi, habelə varroatoz, akarapidoz, nozematoz və digər xəstəliklərə görə arıxanalardan 15 min 804 nümunə götürülərək yoxlanmışdır. Yoxlamalar nəticəsində infeksion xəstəlik aşkar edilməmişdir. Həmçinin bu dövrdə heyvandarlıq-arıçılıq sahələri üzrə yeni əczaxanaların yaradılması üçün müraciət etmiş 4 şəxsə müvafiq lisenziya verilmişdir.

Arı xəstəliklərinin qeydə alınmamasına və arıçılıq məhsullarının bol olmasına mum vərəqlərinin keyfiyyəti də mühüm təsir göstərir. Məhz arı mumunun keyfiyyəti arıçılığın səmərəliliyini artıran faktlardan hesab olunur. Ötən il bu istiqamətdə də işlər davam etdirilmiş, Şahbuz şəhərində yerləşən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində 830 kiloqram mum vərəqi istehsal edilmiş, onun 534,5 kiloqramının arıçı sahibkarlara satışı həyata keçirilmişdir.

Arı xəstəliklərinə qarşı aparılan müayinələr bu sahədə həyata keçirilən fəaliyyəti qorumaq məqsədi daşıyırsa, arıçılıq məhsullarının laboratoriya analizləri əhalinin sağlamlığının qorunmasına xidmət edir. Aparılan laborator təhlillər imkan verir ki, bazara keyfiyyətli məhsullar çıxarılsın. Bu məqsədlə ötən il arıçılıq təsərrüfatlarında istehsal olunan təbii baldan 72, arı mumundan 3, bal doşabı və çaxırının hər birindən 1 halda orta nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim olunmuşdur. Nümunələrin laboratoriya təhlilləri aparılmış, keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müəyyənləşdirilmiş, sınaq protokollarının surəti tanışlıq üçün aidiyyəti təsərrüfatlara təqdim edilmişdir. 

Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri də arı ailələrinə düzgün qulluq edilməsidir. Arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. Dövlət proqramının icrasına uyğun olaraq bu istiqamətdə təbliğat xarakterli tədbirlər də davam etdirilmişdir. Belə ki, 2021-ci ildə arıçı sahibkarların maarifləndirilməsi məqsədilə 36 müşavirə, 43 görüş keçirilmiş, 23 adda 505 nüsxə buklet hazırlanaraq paylanmışdır. Aparılan maarifləndirmə tədbirlərinin əsas məqsədlərindən biri də arıçılıqda sığorta tətbiqinin genişləndirilməsi olmuşdur. Arıçılıq təsərrüfatlarının mümkün risklərdən sığortalanması bu sahədə fəaliyyətin səmərəliliyini artıran faktorlardandır. Proqramın icrasına uyğun olaraq ötən il 365 arı ailəsinin sığortalanması görülən işlərin müsbət nəticə verməsinin əyani sübutudur. 

Arıçılığın davamlı inkişafına nail olmaq üçün bu sahədə mövcud ənənələrlə yanaşı, müasir dövrün tələbinə uyğun elmi yanaşma da tətbiq olunmalıdır. Ötən il Dövlət proqramının icrası çərivəsində “Vərəmum (Propolis) təbii şəfa qaynağı” adlı monoqrafiya 500 nüsxə ilə nəşr edilmişdir. Bu sahədə elmi nəşrlərin sayının artması istər nəzəri biliklərin düzgün çatdırılması, istərsə də təcrübə mübadiləsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Muxtar respublikada son illər ekoloji tarazlığın qorunması, təbiətin zənginləşdirilməsi, yaşıllıq sahələrinin artırılması istiqamətində mühüm addımlar atılmışdır ki, bu da arıçılıqla məşğul olanların sayının ildən-ilə artmasına, əldə olunan məhsulun alıcı rəğbəti qazanmasına şərait yaratmışdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: