Naxçıvanda soyuducu anbarlar əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ötən il muxtar respublikada ərzaq məhsulları istehsal edən müəssisələr modernləşdirilib, bu sahədə yeni müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılıb, yeni anbarların qurulması, sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi və digər tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aqrar sektorun inkişafına xidmət edən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəz məhsullarının yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Ötən il Naxçıvan şəhərində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tutumu 800 ton olan soyuducu anbar istifadəyə verilib, bununla da cəmiyyətin soyuducu anbarlarının sayı 4-ə, ümumi tutumu isə 2350 tona çatdırılıb.

Muxtar respublikanın bölgələrində də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə soyuducu anbarların yaradılması istiqamətində tədbirlərin uğurla həyata keçirilməsi daxili bazarda məhsul bolluğu yaradıb. Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına böyük iqtisadi potensiala malik olan və sosial-iqtisadi cəhətdən sürətli inkişaf yolu keçmiş Şərur rayonunun İbadulla, Kürçülü, Dərvişlər, Cəlilkənd və Zeyvə kəndlərində tutumu 1020 ton olan 5 soyuducu anbarın yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar fəaliyyət göstərir.

Bundan əlavə, muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatını yerli istehsal hesabına təmin etmək məqsədilə Babək rayonunun Badaşqan kəndində özəl investisiya qoyuluşu hesabına tutumu 600 ton olan yeni soyuducu anbarın qurulması davam etdirilib.

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu digər layihələrlə yanaşı, soyuducu anbarlara güzəştli kredit ayırmaqda davam edir. Son illər ərzində soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə fonddan sahibkarlara 19 layihənin maliyyələşdirilməsi üçün 6 milyon 124 min 860 manat güzəştli kredit ayrılıb.

Həyata keçirilən bu cür məqsədyönlü tədbirlərin nəticəsində soyuducu anbarlara ötən il 8713 ton kartof, soğan, kələm, alma, üzüm məhsulları tədarükü olunub və əhaliyə ucuz qiymətlərlə satışı təmin edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq soyuducu anbarların yaradılması istehlakçıların yerli məhsullara olan tələbatının ödənilməsinə və kənd təsərrüfatının inkişafına təkan verməkdədir.

Qeyd edək ki, son illər muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektor üzrə dinamik inkişafa nail olunub. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə dəstəyinin göstərilməsi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində istehsalın həcminin ildən-ilə artmasına yol açıb. Bunun nəticəsidir ki, 2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 2020-ci illə müqayisədə 5,3 faiz artaraq 573 milyon 380 min 700 manata çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: