Sabahdan etibarən taxıl istehsalçılarına karbamid gübrəsi veriləcək - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 10-dan başlayaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və cəmiyyətin rayon bazalarında taxıl istehsalçılarına 46 faizli karbamid gübrəsinin verilməsinə başlanılacaq. Bu məqsədlə cəmiyyətin və onun rayon bazalarının anbarlarında kifayət qədər gübrə ehtiyatı yaradılıb. Gübrənin sahələrə verilməsi üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və cəmiyyətin rayon bazalarında texnikalar da saz vəziyyətə gətirilib.
Mütəxəssislər bildirirlər ki, tərkibində 46 faiz azot elementi olan karbamid gübrəsinin əkin sahələrinə düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa qarşı davamlılığını artırır və məhlul şəklində olduqda bitkilər tərəfindən daha yaxşı mənimsənilir.
Qeyd edək ki, ötən il muxtar respublikada məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin olunmuşdu. Bu il isə dövlət tərəfindən əkilən taxıl sahələrinin hər hektarı üçün 210 manat məbləğində subsidiya ayrılıb. Subsidiyanın 70 faizi, yəni 147 manatı məbləğində torpaq mülkiyyətçilərinə azot gübrəsi veriləcək ki, bu da hər hektar taxıl sahəsi üçün 240 kiloqram gübrə deməkdir.
Novruz Məmmədov