Muxtar respublikada tütün şitillərinin yetişdirilməsi üçün hazırlıq işləri görülür - FOTOLAR
Muxtar respublikada aqrar bölmənin ən çox gəlir gətirən və məhsuldar sahələrindən olan tütünçülüyün inkişafı diqqətdə saxlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Mərkəzindəki istixanalarda tütün şitillərinin yetişdirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Hazırda 2200 kvadratmetr sahəsi olan 5 istixanada tütün toxumlarının əkini aparılır. Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur.
Burada yetişdirilən şitillər “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aprel ayından başlayaraq muxtar respublikanın rayonlarındakı tütün sahələrinə köçürüləcək. Mərkəzin bazasındakı şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyir.
Tütün əkinlərinin həyata keçirilməsi, eyni zamanda əhalinin məşğulluğunu da təmin edir. Göstərilən dövlət qayğısı isə fermerlərin bu sahəyə marağını daha da artırır. Bu il 60 hektara yaxın ərazidə tütün əkinlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, muxtar respublikada ötən ildə də tütünçülüyün dirçəldilməsi məqsədilə tədbirlər davam etdirilib, ümumilikdə 50 hektardan artıq sahədə tütün əkini aparılıb və 94 ton quru tütün istehsal olunub. İstehsal olunan tütünün 85 tonu “Virciniya”, 9 tonu isə “Pirləp-66” sortundan əldə edilib.
Həmçinin cari ilin müqavilələrinin bağlanması məqsədilə “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada tütünçülüklə məşğul olan fermerlərlə görüş keçirilib və onlara müqavilələr təqdim olunub, tütün toxumlarının əkilməsi üçün aparılan hazırlıq işləri, toxumun səpilməsi qaydaları əyani şəkildə izah edilib.
Mahmud Hüseynov