Muxtar respublikamızda yazlıq taxıl əkinlərinə başlanılıb - FOTOLAR
Mütəxəssislər fevral ayını yazlıq arpa əkinləri üçün ən optimal müddət hesab edirlər. Bu məqsədlə muxtar respublikada ilkin mərhələdə sahələrə məhsuldar sortlu arpa toxumları səpilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazlıq arpa əkinində Naxçıvan Toxumçuluq Mərkəzinin əməkçiləri yaxından iştirak edirlər. Mərkəzin Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında geniş bir ərazidə taxıl əkini sahələri var. Bu torpaqlardan bol və keyfiyyətli məhsul götürmək üçün əraziyə qapalı suvarma sistemləri də çəkilib.
Ötən ilin payızında mərkəzin taxılçıları tərəfindən 1133 hektardan artıq ərazidə əkin aparılıb. Bu işlərin davamı olaraq hazırda ərazilərə arpa toxumu səpilir. Əkinin mütəşəkkil başa çatdırılması üçün kifayət qədər texnika-maşın və mexanizm də ayrılıb. Bununla da torpaq sahələri qısa zamanda şumlanır və hamarlanaraq əkinə yararlı hala salınır.
Artıq 40 hektar sahə əkin üçün hazırlanıb. Gün ərzində 10 hektarlarla sahəyə arpa toxumu səpilir. Əkində keyfiyyətli “Qarabağ-22” toxumundan istifadə olunur.
Muxtar respublikamızda sahələrə əsasən “Naxçıvan dəni”, “Qarabağ-22”, “Cəlilabad” və torpaq-iqlim xüsusiyyətlərinə uyğun digər arpa sortları əkilir. Əkindən qabaq toxumların dərmanlanması isə gələcəkdə taxıl sahələrində baş verə biləcək xəstəliklərin qarşısını alır.
Məhəmməd Fərəcov