Sosial rifahın yüksəldilməsinə xidmət edən siyasət Naxçıvanda əhalinin məskunlaşmasında mühüm rol oynayır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası bu gün ölkəmizin sürətlə inkişaf edən diyarına çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqətin və onun müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə, o cümlədən onun ayrılmaz hissəsi olan muxtar respublikada qazanılan uğurların miqyası və əhatə dairəsi ilbəil genişlənir, tarazlı və dayanıqlı inkişaf təmin edilir, məskunlaşma artır. Ölkə başçısının dediyi kimi: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb”.

Ötən dövrdə iri sənaye və tikinti müəssisələrinin yaradılması, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, turizmin kompleks inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi ümumi daxili məhsul istehsalının dinamik artımını təmin etmişdir. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 2021-ci ildə muxtar respublikada inkişafın əsas göstəricisi kimi istehsal olunan məhsulların və göstərilən xidmətlərin ümumi dəyəri 3 milyard, onun bir nəfərə düşən həcmi isə 6 min 500 manatı ötmüşdür. Müstəqillik illərində ümumi daxili məhsul istehsalının 69, bir nəfərə düşən istehsalın həcminin isə 49 dəfə artması qəbul olunmuş Dövlət pro­qramlarının və sosial-iqtisadi sahənin əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlərin uğurlu icrasının göstəricisidir.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Ötən dövrdə rəqabətqabiliyyətli müasir sənaye müəssisələri istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni istehsal gücləri yaradılmışdır. Əldə olunmuş uğurların nəticəsidir ki, müstəqilliyin ilk illərində muxtar respublikada 2020 işçinin çalışdığı 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda 17 mindən çox işçinin çalışdığı 440-dan çox sənaye müəssisəsi muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verir. 

Muxtar respublika iqtisadiyyatında sənayedən sonra mühüm istehsal sahələrindən biri olan kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılmışdır. Əhalinin əsas hissəsinin kənd təsərrüfatı sahəsi ilə məşğul olması, digər amillərlə yanaşı, dayanıqlı məskunlaşmanın təmin edilməsi bu sahənin inkişafını şərtləndirmişdir. Bazar iqtisadiyyatı şəraitində aqrar sahənin inkişaf etdirilməsi üçün, ilk növbədə, torpaq islahatı aparılmış, torpaqlar həqiqi sahiblərinə – zəhmət adamlarına qaytarılmışdır. Əsası 1992-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuş torpaq islahatı 2000-ci ildə muxtar respublikada başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Sonrakı illərdə ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarının uğurlu icrası digər sahələrlə yanaşı, kənd təsərrüfatının da kompleks inkişafını təmin etmişdir.

Dövlət proqramlarının icrası istiqamətində ötən dövrdə mütərəqqi üsullardan istifadə etməklə yeni suvarma sistemləri qurulmuş, su resurslarından səmərəli istifadə olunmaqla yararsız torpaq sahələri əkinəyararlı hala salınaraq əkin dövriyyəsinə qatılmış və nəticədə, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olmuşdur. Bu dövrdə kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilmiş, aqrar sığorta sisteminin tətbiq olunması onların fəaliyyətini daha da stimullaşdırmışdır. Əkinçilərə və fermerlərə subsidiyalar, güzəştli şərtlərlə kreditlər, gübrələr, lizinq yolu ilə kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, istehsal etdikləri məhsulların satışı üçün şəraitin yaradılması insanların torpağa bağlılığını daha da artırmışdır. Bu gün muxtar respublikada aqrar sahədə məhsulun 100 faizə yaxınının özəl mülkiyyətə əsaslanan təsərrüfatlarda istehsal olunması yaradılan şəraitin nəticəsidir. Həyata keçirilən tədbirlər heyvandarlığın inkişafını da sürətləndirmiş, məhsuldarlıq ilbəil artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Nəticədə, 2021-ci ildə kənd təsərrüfatının ümumi məhsulu müstəqilliyin ilk illəri ilə müqayisədə 15, o cümlədən bitkiçilik məhsulları istehsalı 17, heyvandarlıq məhsulları istehsalı isə 12 dəfə çoxalmışdır. 

Məskunlaşmanı dayanıqlı edən amillərdən biri də sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən olan əhalinin məşğulluğunun təmin edilməsi məsələsidir. Muxtar respublikanın istehsal potensialının gücləndirilməsində və iqtisadiyyatın çoxsahəli inkişafında mühüm rol oynayan sahibkarlıq fəaliyyətinin daim dəstəklənməsi bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. Hazırda muxtar respublikada 38 mindən artıq hüquqi və fiziki şəxsin sahibkarlıqla məşğul olması, o cümlədən müstəqillik illərində özəl sektor üzrə 70 minə yaxın yeni iş yerinin açılması bunun bariz nümunəsidir. Bu dövrdə əhalinin məşğulluğunun artırılması üzrə qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası səmərəli məşğulluğun təmin edilməsinə müsbət təsir göstərmişdir.

Əhalinin 65 faizinin kənd yerlərində məskunlaşdığı nəzərə alınaraq ailə təsərrüfatlarının yaradılması və inkişafı istiqamətində də kompleks tədbirlər həyata keçirilmişdir. Onu da qeyd edək ki, ailə təsərrüfatları modelinin formalaşdırılması yeni istehsal müəssisəsi yaratmadan və əmək ehtiyatlarından daha səmərəli istifadə yolu ilə özünüməşğulluğu təmin edir, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” tədbirlər planlarının təsdiq olunması, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi belə təsərrüfatların fəaliyyəti üçün daha geniş imkanlar açmışdır. Ailə təsərrüfatlarına ayrılan güzəştli kreditlər və istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi belə təsərrüfatların inkişafını təmin etmişdir. Hazırda muxtar respublikada mindən artıq iri ailə təsərrüfatı fəaliyyət göstərir. Belə təsərrüfatların inkişaf etdirilməsi, xüsusən kənd yerlərində məskunlaşan əhalinin gəlirlərini artırmış, daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullarla təmin edilməsinə şərait yaratmışdır.

İqtisadiyyatın vacib sahələrindən biri olan turizmin inkişafı da diqqətdə saxlanılmışdır. Yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, tarixi abidələrin bərpası, ticarət və xidmət şəbəkələrinin genişləndirilməsi, müasir mehmanxanaların mövcudluğu turizmin inkişafını şərtləndirmişdir. Ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənd olan Ağbulaqda görülən işlər burada turizmin bir çox növünün inkişafına təkan verməklə yanaşı, muxtar respublikanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaratmışdır. Turizmin kənd, idman, qış, ekoturizm, dağ və sağlamlıq kimi çoxsaylı növlərinin inkişafı gələcəkdə kənd yerlərində məşğulluq imkanlarının və əhali gəlirlərinin daha da artmasına təkan verəcək, məskunlaşmanı dayanıqlı edəcəkdir.

İqtisadiyyatın davamlı inkişafı əhali gəlirlərinin həcmini də artırmışdır. Muxtar respublikada orta hesabla hər nəfərə düşən əhali gəlirlərinin həcmi ötən dövrlə müqayisədə 44 dəfədən çox artaraq 2021-­ci ildə 4185 manata yaxın olmuşdur. 

İqtisadiyyatın inkişaf etdirilməsi vətəndaşların sosial rifahını artırıb

Əhalinin dayanıqlı məskunlaşmasını və insanların layiqli yaşayışını təmin etmək üçün yaşayış məntəqələrinin cəmiyyət üçün sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi şərtdir. Bunun üçün yerlərdə müasir infrastruktur qurulmalı, insanlar üçün rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Bu gün muxtar respublikada iqtisadi sahədə qazanılmış uğurlar sosialyönümlü layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratmış, insanların layiqli yaşayışı təmin edilmişdir. Ötən dövrdə Naxçıvan şəhəri və rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də tarazlı inkişaf etdirilmiş, sakinlərin rifahının yüksəlməsinə xidmət edən kompleks quruculuq işləri aparılmış, ən ucqar kəndlərdə müasir həyat tərzi yaradılmışdır. Ötən dövrdə muxtar respublikada 52 min 364 şagird yerlik 174 ümumtəhsil məktəbi, 250-dən çox səhiyyə obyekti, dövlət qurumlarının bir ünvanda fəaliyyətini təmin edən, müasir idarəetmə modeli olan 5 qəsəbə və 147 kənd mərkəzi, əhalinin işlə təmin olunması və rahatlığına hesablanmış xidmət mərkəzlərinin tikilərək istifadəyə verilməsi insan amilinə verilən dəyərin ifadəsidir. Muxtar respublikanın hüsnünə yeni çalarlar qatan möhtəşəm sosial obyektlərin istifadəyə verilməsi kəndlə şəhər arasındakı fərqi aradan qaldırmış, insanların rahatlığı təmin edilmişdir.

İqtisadi və sosial tərəqqinin təmin olunmasında mühüm rol oynayan nəqliyyat sektorunun inkişafı da diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Muxtar respublikada müasir avtomobil yolları çəkilmiş, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmış, yüksək xidmət imkanlarına malik avtovağzallar tikilmiş, şəhərdaxili və kənd­lərarası marşrutlarda müasir avtobusların istifadəyə verilməsi hesabına vətəndaşların nəqliyyat xidmətlərindən istifadəsi yaxşılaşdırılmışdır. Naxçıvan şəhərində şəhərdaxili mar­şrutlarda yeni avtobusların alınaraq xəttə buraxılması vətəndaşlara göstərilən xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Rayon mərkəzlərinə və bütün kəndlərə 500-dən çox taksi və 300-dən çox avtobusla rahat gediş-gəliş təmin edilmiş, xüsusilə sərhəd və ucqar dağ kəndlərinə sərnişin daşınmasının fasiləsizliyi diqqətdə saxlanılmışdır.

Əhalinin bir hissəsinin binalardakı mənzillərdə yaşadığı nəzərə alınaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmamışdır. Sovet dövründə tikilmiş ictimai yaşayış binaları müasir görkəmdə yenidən qurulmuş, su, qaz, elektrik, telefon, istilik və kanalizasiya xətləri yenilənmiş, binaların həyətlərində avtomobillər üçün dayanacaqlar, yaşıllıqlar salınmış, uşaqların əylənməsinə, sakinlərin sağlamlığına xidmət edən əyləncə və idman qurğuları quraşdırılmışdır. Şəhər sakinləri ilə yanaşı, ətraf kəndlərdə yaşayan əhalinin təmiz və keyfiyyətli içməli su ilə fasiləsiz təmini istiqamətində tədbirlər həyata keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Gələcəyə hesablanaraq həyata keçirilən tədbirlər insanların məişətinə və yaşam tərzinə müsbət təsir göstərmiş, onların rahatlığını və firavanlığını təmin etmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində müasir informasiya texnologiyalarının tətbiqi, o cümlədən internetə yüksəksürətli çıxışın təmin olunması, fasiləsiz elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, bank və poçt xidmətlərinin inkişaf etdirilməsi insanların rahat yaşayışının göstəricisi, dövlətin vətəndaşına qayğısının əyani ifadəsidir.

İnkişafın mühüm göstəricilərindən biri olan yüksəkkeyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə səhiyyə xidmətlərinin inkişafının dəstəklənməsi məskunlaşmaya müsbət təsir göstərmişdir. Muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə, müasir avadanlıqlarla təchiz edilmiş təhsil və səhiyyə obyektlərinin istifadəyə verilməsi əhalinin bütün təbəqələrinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin olunmasına şərait yaratmışdır. 

Bu gün muxtar respublikada təhsil infrastrukturu müasir tələblər səviyyəsində yenidən qurulmuş, maddi-texniki baza möhkəmləndirilmişdir. Ötən dövrdə təkcə kənd yerlərində 37 min 800 şagird yerlik 149 ümumtəhsil məktəbi tikilmişdir. Kənd yerlərində tikilərək istifadəyə verilən məktəblər muxtar respublika üzrə tikilərək istifadəyə verilmiş məktəblərin 86 faizini təşkil etmişdir. Bütün təhsil müəssisələri ən müasir informasiya avadanlıqları ilə, o cümlədən internetə çıxışı olan kompüterlərlə 100 faiz təmin edilmiş, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, şagirdlərin müasir dövrün tələblərinə uyğun təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Yaradılan müasir tədris şəraitinin hesabınadır ki, II və III növbələrdə təhsilalanların xüsusi çəkisinə görə muxtar respublika uzun illərdir, digər iqtisadi rayonlarla müqayisədə ilk sırada dayanmışdır. Həyata keçirilən bu və ya digər tədbirlər Naxçıvanı təhsilin inkişafında lider mövqeyə yüksəltmişdir. Bundan başqa, muxtar respublikada müasir tələblər səviyyəsində qurulmuş və keyfiyyət göstəricilərinə görə ölkə təhsilində ilk sıralarda yer alan ali təhsil müəssisələrinin mövcudluğu gənclərin digər bölgələrdə təhsil alması zərurətini aradan qaldırmış, əksinə, digər bölgələrdən və xarici ölkələrdən yüzlərlə gəncin Naxçıvana gələrək təhsil almasına şərait yaratmışdır.

Müasir səhiyyə infrastrukturu ilə yanaşı, bu sahənin kadr potensialının yaxşılaşdırılması, səhiyyə xidmətlərinin yalnız şəhər və rayon mərkəzlərində deyil, bütün yaşayış məntəqələrində əlçatan olması sakinlərin sosial rifahının yüksəlməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi tibbi xidmətin səviyyəsini xeyli yüksəltmiş, əhatəliliyini artırmışdır. Əhalinin sağlamlığının qorunması və həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılması muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğunun artımı ilə nəticələnmişdir. 

Sabitlik olmadan, insanların təhlükəsiz yaşayışı təmin edilmədən iqtisadi inkişafdan, o cümlədən məskunlaşmadan söhbət gedə bilməz. Qədim diyarda bu gün hərtərəfli tərəqqiyə şərait yaradan ictimai-siyasi sabitliyin qorunması, möhkəmləndirilməsi muxtar respublikanı cinayətsiz, təhlükəsiz bölgəyə çevirmişdir. Təsadüfi deyil ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir. “...Naxçıvanda qədim sivilizasiya və mədəniyyəti, müasir şəhərsalmanı, səliqə-sahmanı, dağ səyahətini, memarlıq abidələrini, dini, sağlamlıq turizmini, bir sözlə, bütün sahələri lokal bir yerdə görmək istəyənlər üçün çox maraqlı olacaq. Hər kəs özünü burada daha rahat və möcüzələr aləmindəki kimi hiss edəcək”, – deyə jurnalda qeyd olunmuşdur. 

Ötən dövrdə sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, miqrasiya prosesindəki müsbət dinamika demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin dinamik artımını təmin etmişdir. Ötən dövrlə müqayisədə muxtar respublika əhalisinin sayı 125,2 min nəfər artaraq 1 yanvar 2022-ci il tarixə 463 min nəfərə çatmışdır. 

Nəticə: insanların sosial rifahının yüksəldilməsi 
məskunlaşmanı artırıb və onun dayanıqlığını təmin edib

Müstəqillik illərində iqtisadiyyatın inkişaf etdirilməsi yolu ilə vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edən siyasətin uğurlu nəticələri əhalinin məskunlaşmasını artırmışdır. Məskunlaşmanın əsas göstəricisi kimi 2019-cu ildə muxtar respublikada ümumi sahəsi 395 min 253 kvadratmetr olan yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu göstəriciyə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ilk sırada dayanmışdır. 2010-cu il və ondan sonrakı illərdə muxtar respublika üzrə tikilərək istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 4 milyon 350 min kvadratmetri ötmüşdür. 1990-cı illərin əvvəllərində infrastrukturun dağılması, yaşayışın çətinləşməsi və işsizlik ucbatından başqa yerlərə köçmək məcburiyyətində qalmış bəzi vətəndaşların müstəqillik illərində sosial-iqtisadi inkişafın yüksəldilməsi, əhali gəlirlərinin artması, insanların torpaq sahibinə çevrilməsi nəticəsində geri qayıtması məskunlaşmanın artmasında müsbət rol oynamışdır.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2019-cu ildə istifadəyə verilmiş yaşayış sahəsinin 379 min 157 kvadratmetri və ya 96 faizi vətəndaşların şəxsi vəsaiti hesabına tikilmişdir ki, bu da müstəqilliyin ilk illərindəki göstəricidən 22,6 dəfə çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına 2020-ci ildə 376 min 426, 2021-ci ildə isə 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Təkcə son iki il ərzində şəhər yaşayış məntəqələri istisna olmaqla, qəsəbə və kəndlərdə vətəndaşlar tərəfindən 900-dən çox müasir fərdi yaşayış evləri tikilmişdir. 

Əhalinin məskunlaşmasının göstəricisi kimi il ərzində vətəndaşların şəxsi vəsaitləri hesabına tikilmiş yaşayış sahələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən gənc ailələrin mənzillə təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər də mühüm rol oynamışdır. Belə ki, son illər rayon mərkəzləri ilə yanaşı, təkcə Naxçıvan şəhərində ümumi mənzil sayı 1030-dan çox olan 27 yaşayış binası tikilib istifadəyə verilmiş, gənclərin güzəştli ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılmışdır. Muxtar respublikada əhalinin 31 faizini təşkil edən gənclərin hərtərəfli inkişafına və sosial təminatına göstərilən diqqət, onların mənzil şəraitinin yaxşılaşdırılması həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə aparılan tədbirlər gənclər arasında ailənin və nikahın möhkəmləndirilməsinə də müsbət təsir etmişdir. 

Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq ötən dövrlərdə yaşayış məntəqələri böyümüş, yeni yaşayış məhəllələri salınmış, kəndlər qəsəbələrə, qəsəbələr isə şəhərlərə çevrilmişdir. 1990-cı illərin sonlarında muxtar respublikanın inzibati ərazi quruluşunu 6 rayon, 4 şəhər və 3 qəsəbə ərazi vahidi təşkil edirdisə, hazırda 7 rayon,  6 şəhər və 9 qəsəbə ərazi vahidi formalaşmışdır. Yaşayış məntəqələrinin inkişafı muxtar respublikada məskunlaşmanın artmasını xarakterizə edən mühüm göstəricilərdəndir. 

Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvan durmadan inkişaf edir. Bunun təməlində isə insana qayğı, əməyə yüksək qiymət, Vətənə məhəbbət, qurub-yaratmaq əzmi və böyük zəhmət dayanır. Qədim diyarın sosial-iqtisadi inkişafındakı müsbət dəyişikliklər o qədər genişmiqyaslı və əhatəli şəkildə baş verir ki, vətəndaş olaraq bunun nəticəsini təkcə statistik göstəricilərdə deyil, öz gündəlik həyatımızda da hiss edirik. Bu inkişafı, eyni zamanda şəhər və rayon mərkəzlərinin, kəndlərin dəyişən simasında, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük. 

Naxçıvanın gələcək inkişafı daha da parlaq görünür. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra yüksək resurs potensialına malik Naxçıvan mühüm nəqliyyat qovşağına çevriləcəkdir. Nəticədə, Naxçıvanın iqtisadi gücü, o cümlədən ölkəmizin beynəlxalq logistika mərkəzi kimi rolu da artacaqdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər”. Ulu öndərin tövsiyələri və quruculuq xətti bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsasında uğurla davam etdirilir. Bu da Naxçıvan intibahının növbəti parlaq mərhələsinə yüksəlməsinə imkan verir.

Əliheydər QURBANLI
Naxçıvan Muxtar Respublikası Ali Məclisi 
Aparatının baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: