Mühasiblər “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlimə cəlb ediliblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim təşkil edilib.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
İki gün 4 saat müddətində keçirilən təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Gündəliyə uyğun olaraq əvvəlcə mərkəzin direktoru Mehriban İmanova çıxış edib, təlimin əhəmiyyətini vurğulayıb. Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılovanın elektron materialların müşayiəti ilə “Məzuniyyət hüququ və onun həyata keçirilməsi qaydaları” mövzusunda çıxışı dinlənilib. Çıxışda məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri və müddətləri, məzuniyyətin hissələrə bölünməsi, ödənişsiz məzuniyyət, onun növləri və verilmə müddətləri, əsas və əlavə məzuniyyətlərin birləşdirilməsi, məzuniyyət əmrinin verilməsi və başqa mövzular diqqətə çatdırılıb. Təlimin sonunda keçirilən mövzulara uyğun olaraq tapşırıqlar yerinə yetirilib.
Növbəti gün təlimçi Yeganə Talıbovanın “Məzuniyyət hüququnun tənzimlənməsinin praktiki izahı” mövzusunda tapşırıqlarla təqdimatı olub. Təlim zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və ödənilməsi, istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin ödənilməsi, məzuniyyət haqqı hesablanarkən nəzərə alınan və alınmayan əməkhaqqı növləri, məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydaları və digər modullar ətrafında lazımi məlumatlar verilib. Təlim praktiki işlə davam edib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və test mərhələsindən sonra yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.