“Culfa” yarımstansiyasında yenidənqurma işləri aparılır - FOTOLAR
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq “Culfa” yarımstansiyası yenidən qurulur.
Rayon ərazisində bununla əlaqədar ayrılan əkinə yararsız torpaq sahəsində yeni texnoloji qurğu və avadanlıqlar quraşdırılır. Dövlət Energetika Xidmətinin mühəndis-texniki işçi heyəti tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin bir qismi artıq başa çatıb.
Layihələndirilən yeni 132/110/35/10 kV-luq “Culfa” yarımstansiyasının yenidən qurulması istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatına imkan verəcək. Eyni zamanda idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaq.
Qeyd edək ki, Culfa yarımstansiyası sistem əhəmiyyətli yarımstansiya olub, İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının enerji sistemini əlaqələndirir. Ordubad və Culfa rayonunun enerji təminatı məhz bu ötürücü və paylayıcı yarımstansiya vasitəsilə həyata keçirilir.
Turab Hacızadə