Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə fevralın 4-də sahibkarlarla keçirilən görüşdə dövlət orqanlarına sabibkarlıq subyektlərinin dəstəklənməsi, idxal olunan böyük həcmli malların yerli istehsalının təşkil olunmasına köməklik göstərilməsi, ixrac imkanlarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüş keçirilib.

Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada ümumi daxili məhsul istehsalı   3 milyard 16 milyon 315 min manata çatıb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,1 faizlik payla sənaye sahəsi tutur. 2021-ci ildə istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil edib.

2022-ci ilin Naxçıvanda “Sənaye ili” elan olunması, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada iqtisadiyyatın inkişafına və şaxələndirilməsinə əlavə imkanlar yaradır. 

Vurğulanıb ki, bu gün muxtar respublika sahibkalıq subyektləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara və ailə təsərrüfatlarına illik 5 faizlə güzəştli kreditlər verilir. Cari ilin ötən dövrü ərzində Fond tərəfindən 25 layihəyə 2 milyon 663 min manat vəsait ayrılıb ki, bunun da 2 milyon 90 min manatı sənayenin payına düşüb.

Muxtar respublikada həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. 2016-cı ildən ötən dövr ərzində 20 investisiya layihəsinə investisiya təşviqi sənədi verilib ki, bu layihələrin ümumi dəyəri 96 milyon 434 min manatdan çoxdur.

Yerli istehsal məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, tələbatı idxal hesabına ödənilən məhsulların istehsalının təşviq olunması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlərdən də danışan nazir muxtar respublikada idxalı əvəz edəcək və əlavə dəyər yaradan məhsulların istehsalının artırılması məqsədilə daxili bazarda idxalın üstünlük təşkil etdiyi ərzaq və qeyri-ərzaq məhsulları barədə məlumatların təhlil olunaraq sahibkarlıq subyektlərinə təqdim ediləcəyini bildirib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə diqqət və qayğısı ilə muxtar respublikada biznes subyektləri və sahibkarlıq sahələri üçün əlverişli şəraitin yaradıldığını önə çəkib. Qeyd olunub ki, gömrük orqanları tərəfindən daxili bazarın qorunması, ixracın stimullaşdırılması, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük xidmətlərinin asan və sürətli formada həyata keçirilməsi, gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Muxtar respublikada yerli istehsal sahələri üçün xaricdən idxal olunan xammal və qablaşmalara, kənd təsərrüfatı texnikası və toxumluq kənd təsərrüfatı məhsullarına güzəştli tarif dərəcələrinin tətbiq olunması, ailə təsərrüfatları üçün idxal olunan xammal, qablaşma, avadanlıq və mal-materialların bütün gömrük ödənişlərindən azad edilməsi sahibkarlıq sahələrinin qorunmasına və inkişafının stimullaşdırılmasına dövlət dəstəyinin tərkib hissəsidir.

Komitə sədri qeyd edib ki,  son illər gömrük nəzarəti və rəsmiləşdirilməsinin sürətlənməsi üçün görülən işlər, elektron gömrük xidmətlərinin arealının genişləndirilməsi ilə məmur-sahibkar təmasının minimuma endirilməsi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə gömrük xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması və biznes subyektlərinin mənafeyinə xidmət etməsi baxımından əhəmiyyətlidir. 2021-ci ildə muxtar respublika gömrük oranlarında həyata keçirilən ixrac əməliyyatlarının 58 faizi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ olan sahibkarlıq subyektlərinin payına düşüb.

Səhət Həbibbəyli vurğulayıb ki, cari ildə risk dəyərləndirməsi əsasında idxal istiqamətində də “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin artırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, gömrük məqsədləri üçün lazım olan müşayiət sənədləri vaxtında, tam və düzgün formada gömrük orqanlarına təqdim olunmalı, elektron gömrük xidmətlərindən istifadəyə diqqət artırılmalı, biznes subyektləri öz mallarının gömrük əməliyyatlarını sürətli və düzgün formada həyata keçirə bilən məsul şəxslər ayırmalıdırlar. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi  və Türkiyə Respublikası Prezident Administrasiyasının “Naxçıvan Muxtar Respublikası mənşəli bəzi malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında” Qərarına əsasən sahibkarlar öz mallarının gömrük güzəştlərindən istifadə edilməklə Türkiyə Respublikasına ixracına səy göstərməklə yaradılan bu əlverişli imkandan yararlanmalıdırlar.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov qeyd edib ki, bu gün muxtar respublika sahibkarlarının əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, biznesin inkişafının sürətlənməsi əsasında doğma Naxçıvanımızda əldə olunan dinamik inkişafın davamlılığını təmin etməkdir. Sahibkarların müasir biznesin yeni çağrışları ilə məlumatlanması üçün müxtəlif tədbirlərin təşkili, dövlət orqanları ilə birgə görüşlərin keçirilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Turqut Abbasovun “Gömrük-biznes əməkdaşlığının artırılmasında xarici ticarətin asanlaşdırılması, ixracın təşviqi və daxili bazarın qorunmasının rolu”, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudovun “Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” ilə əlaqədar qarşıda duran vəzifələr”, Komitənin bölmə rəisi Emin Eylazovun “Elektron gömrük xidmətlərindən istifadənin artırılması istiqamətində görülməli işlər” mövzusunda çıxışları olub.

Sonra xarici iqtisadi fəaliyyət iştirakçılarını maraqlandıran suallara cavablar verilib.

Görüşdə sahibkarlıq subyektlərinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ixracın təşviqi ilə bağlı hazırlanmış məlumat kitabçaları paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: