Bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 2 milyon 585 min manat güzəştli kredit verilib

A- A A+

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkalar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da yaradılmışdır.

Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 23 layihə üzrə 2 milyon 585 min manat məbləğində güzəştli kredit verilmişdir ki, bunun da 350 min manatı kənd təsərrüfatının inkişafı üçün ayrılmışdır. Bu vəsaitin 225 min manatı heyvandarlıq, 70 min manatı quşçuluq, 40 min manatı bağçılıq təsərrüfatlarının, 15 min manatı soyuducu anbarın yaradılmasına yönəldilmişdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Cari ilin ötən dövründə süd emalı müəssisəsinin, 19 heyvandarlıq, 1 quşçuluq, 1 istixana təsərrüfatının yaradılması, 2 heyvandarlıq, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin 12 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının yaradılması və 4 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksinin yenidən qurulması, 2 bağçılıq təsərrüfatının yaradılması, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir. Bu tədbirlər 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 9 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 155 min manat  dövlət maliyyə dəstəyi göstərilmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: